Ər-Riyad Rusiyanı yeni OPEC-ə dəvət etdi: Neftin qiyməti necə dəyişəcək?

posted in: Xəbər | 0
birbank biznes

Ər-Riyad Rusiyanı yeni OPEC-ə dəvət etdi: neftin qiyməti necə dəyişəcək.

Səudiyyəlilər ABŞ-la qarşıdurmada özlərinə müttəfiqlər axtarırlar.

Səudiyyə Ərəbistanı dünya neft bazarının idarə olunmasını öz əlinə ala biləcək yeni təşkilat yaradılması üçün ilk addımı atıb. The Wall Street Journal (WSJ) nəşri bildirb ki, Ər-Riyad “qara qızıla” tələbatı və təklifi, eləcə də qiyməti müəyyənləşdirəcək, xam neft ixracatçılarından ibarət on ölkənin daxil olacağı alyansa Rusiyanın rəhbərlik etməsini təklif edib. İndiki tərkibdə olan OPEC ABŞ-ın təzyiqləri üzündən neft siyasətinə ciddi təsir göstərmək iqtidarında deyil. Belə ki, Amerika öz neft hasilatını artırmaqla bazardan ənənəvi sahə liderlərini sıxışdıra bilir. Karteldə baş verə biləcək islahatlar fevralın 18-də OPEC üzvü olan ölkələr və müstəqil istehsalçıların görüşündə müzakirə ediləcək, yeni alyansın yaradılması barədə son qərar isə aprel ayında verilə bilər.

WSJ nəşrinin mənbələrinin məlumatına görə, Rusiyaya bu təklif Səudiyyə Ərəbistanının şahzadəsi Mühamməd ibn Salmanın tapşırığı ilə ölkənin energetika naziri Xalid əl-Falihdən gəlib. Yeni alyans yaradılmasının təşəbbüskarları ümid edirlər ki, yeni format neft qiymətlərinin müəyyən səviyyədə qalmasına kömək edə bilər.

OPEC-in dünya bazarında öz nüfuzunu itirdiyi hələ 2015-ci ildən, neftin bir barrelinin qiymətinin 70 dollardan 28 dollara enişi zamanı aydın olmuşdu. Kartelin əsasını təşkil edən Yaxın Şərq ixracatçıları müstəqil şəkildə neft hasil edən ölkələri və ilk növbədə Rusiyanı yardıma çağırmışdılar. OPEC+ müstəqil ixracatçıların qeyri-rəsmi toplantısı çərçivəsində bazardan neft “artıqlığını” azaltmaq barədə qərar qəbul etmək mümkün olmuşdu.

Telegram qrupumuza üzv olun

OPEC+ razılaşması müxtəlif dövrlərdə birmənalı qarşılanmamışdı. 2016-2017-ci illərdə neft barrelinin qiymət koridoru 45-60 dollar arasında tərəddüd etmişdi. Yalnız 2018-ci ilin yazında bir “çəllək” neftin qiyməti 70 dollar həddinə çatdı ki, bu da ixracatçı ölkələrə neft hasilatını bir qədər yüksəltmək imkanı yaratdı. Oktyabr ayında neftin barreli 85 dollara yüksəldi, ardınca isə yenidən eniş baş verdi və qiymət 50 dollara düşdü. Neft hasilatının aşağı salınması qiymətləri 60-62 dollara qaldırdı, lakin, hətta geniş tərkibdə belə kartel bazardakı qiymətləri tənzimləyə bilmir. Bundan əlavə, təşkilat dağılmağa başlayıb: 2019-cu ildə OPEC-in köhnə üzvlərindən sayılan Qətər karteli tərk edib. Öz növbəsində döyüşlərin səngimədiyi Liviya və Nigeriya kimi ölkələr, eləcə də ABŞ-ın sanksiyaları altına düşən İran və Venesuela birliyin demək olar ki, nominal iştirakçılarına çevriliblər.

Bu səbəbdən Ər-Riyad yeni alyans yaradılmasına çalışır. İlk növbədə də həmin alyansda özünü və Rusiyanı görür, çünki bu iki dövlətin şirkətləri il ərzində birlikdə 1 milyard ton neft hasil edirlər. Əgər bu ittifaqa Fars körfəzi ölkələrindən BƏƏ, İraq və Küveyt, eləcə də müstəqil neft ixracatçısı olan Qazaxıstan kimi ölkələr də daxil olsalar, onda sözgedən təşkilatın istehsal gücü, karteldən kənarda qalan ölkələri xeyli ötüb keçə bilər.

Yeri gəlmişkən, yeni alyans ilk növbədə ABŞ-a qarşı yaradılır, hansı ki, hazırda neft istehsalı sahəsində liderə çevrilib. Təşkilatın konkret detalları fevralın 18-də məlum olacaq. Aprel ayında isə mümkündür ki, alyansın rəsmi şəkildə yaradılması elan olunsun. Belə olduğu təqdirdə, Vaşinqton dünya enerji resursları bazarında söz sahibliyi uğrunda mübarizədə çox ciddi bir rəqiblə üzləşə bilər.

Yaxın zamanlarda barrelin qiymətinə ənənəvi amillər də təsir göstərəcək. Ekspertlər ABŞ və Çin arasında aparılan danışıqlara xüsusi diqqət yetirirlər. Əgər Vaşinqton və Pekin qarşılıqlı olaraq güzəştlərə razı olsalar, neftin barreli 64 dollara kimi yüksələ bilər. Danışıqlar iflasa uğrayarsa, onda enerji resurslarına tələbat aşağı enəcək və bir “çəlləyin” qiyməti 56 dollara düşəcək.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email