» » » Etibarnamələr barədə bilmədiklərimiz

Etibarnamələr barədə bilmədiklərimiz

posted in: Xəbər | 0
Print Friendly, PDF & Email

Etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir.  Etibarnamə istənilən müddətə verilə bilər. Yalnız nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Daha ətraflı desək avtomobili öz mülkiyyətinə keçirmək istəyən şəxsə verilmiş baş etibarnamənin (generalni davernus) müddəti 1 ildən artıq müddətə verilə bilməz.

Qanunvericiliyə görə bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Misal üçün sizə etibarnamə verilib, lakin etibarnamənin üzərində nə vaxt verildiyi yazılmayıbsa, bu etibarsız sayılır.

Aşağıda göstərilən hallarda etibarnaməyə xitam verilir:

1) etibarnamənin müddətinin bitməsi – 3 aylıq etibarnamənin müddəti 3 ayın sonunda başa çatmış sayılır.

2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi – etibarnamə şəxsə yalnız avtomobili satmaq üçün verilibsə, avtomobil satıldıqdan sonra etibarnaməyə xitam verilmiş sayılır.

3) etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi – etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. A adlı şəxs maşını idarə etmək üçün sizə verdiyi etibarnaməni bu gün də gedib xitam edə bilər və bunu sizə deməyə borclu deyil.

4) etibarnamə verilmiş şəxsin imtinası – A adlı şəxsə avtomobili satmağa səlahiyyət verilibsə və A bundan imtina edirsə, etibarnamə xitam edilmiş sayılır.

5) adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi – şirkətin (idarənin, müəssisənin) verdiyi etibarnamə həmin şirkət mövcud olduğu müddət üçün hüquqi qüvvəyə malikdir. Şirkət ləğv edildikdə etibarnamə də xitam edilir.

6) adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi – bir şirkət digər şirkətə müəyyən işləri görməyə etibarnamə verirsə, etibarnamə verilən şirkət də ləğv edildikdə etibarnaməyə xitam verilmiş sayılır.

7) etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması – A adlı şəxs B-yə etibarnamə veribsə, A öldükdə (spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və s) artıq etibarnamə xitam edilmiş sayılır.

8) etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması – A adlı şəxs B-yə etibarnamə veribsə, B-nin ölümü halında da etibarnaməyə xitam verilmiş hesab olunur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *