Respublika daxili ezamiyyə xərclərinin normaları

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyətin növləri

Bildiyimiz kimi müəssisələrdə işçilər zərurət yarandığı hallarda öz daimi iş yerlərindən digər yerə  xidməti tapşırıq məqsədilə ezamiyyətə göndərilir. Bu zaman ona müəyyən edilmiş ezamiyyə xərclərinin norması məbləğində avans verilir. İşçinin ezamiyyəyə göndərilməsi müəssisə rəhbərinin əmri ilə rəsmiləşdirilir. Həmin əmrə işçinin ad, soyadı, göndərildiyi yer və digər məlumatlar daxil edilir.  Ezamiyyətin aşağıdakı növləri mövcuddur:

  • daxili ezamiyyə;
  • xarici ezamiyyə.

Respublika daxili ezamiyyətlərdə tabeçilik qaydasında yuxarı təşkilatlara ezam olunan işçi yolda keçirilən vaxt nəzərə alınmamaq şərtilə 5 gündən çox olmayan müddətdə ezamiyyətlə təmin edilir.  Lakin ehtiyac olduğu hallarda ezamiyyə müddəti müəssisə rəhbərinin tapşırığı ilə  daha 5 gün də artırıla bilər.

Ezamiyyə xərclərinin norması

Ezamiyyətdə olan işçinin bir sıra xərcləri yarandığına görə ona müəssisə rəhbəri tərəfindən ezamiyyə müddətinə uyğun pul avansı verilməlidir. Ezamiyyə xərclərinin  bir günlük norması AR NK-nin müvafiq qərarına uyğun tənzimlənir. Qərarda respublika daxili və xarici ölkələrə ezamiyyə xərclərinin normaları fərqləndirilir.  Respublika daxili ezamiyyələr zamanı bir günlük  norma:

  • Bakı şəhəri – 90 manat;
  • Gəncə, Sumqayıt, Naxçıvan – 70 manat;
  • respublika tabeliyində olan digər ərazilər – 65 manat müəyyən olunub.

Ezamiyyə xərclərinin normasına mehmanxana, gündəlik xərclər, rabitə, şəhərdaxili nəqliyyat kimi xərclər daxildir.

Mehmanxana xərcləri – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində ödənilir.

Bir günlük normanın 80%-ni mehmanxana xərcləri təşkil edir. Aşağıdakı hallarda həm xarici, həm respublika daxili ezamiyyə zamanı mehmanxana xərcləri faktiki xərclərə müvafiq olmaqla təqdim edilmiş təsdiqedici sənədlər əsasında ödənir:

  • AR Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarına;

  • AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarına.

Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Ezam olunmuş yerə getmək və qayıtmaq üzrə nəqliyyat xərcləri, ölkə daxili xərclər təqdim edilmiş uyğun sənədlər əsasında ödənilir.

Həm gündəlik, həm də mehmanxana xərci  işçiyə  ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün müəyyən olunur. Lakin mehmanxana xərci təyin olunduqda, gündəlik xərcdən fərqli olaraq, işçinin yolda olduğu vaxt nəzərə alınmır.

Nümunə 1: “Merkur” MMC-də işləyən şəxs Bakı şəhərinə 4 gün müddətə ezamiyyətə göndərilir. Bu zaman ona, bir günlük ezamiyyə xərclərinin norması nəzərə alınmaqla, 90 x 4 = 360 manat avans ezamiyyə xərci ödəniləcək.

Xərc normasının tətbiqi qaydaları

Əgər işçinin ezam olunduğu yerdən daimi yaşadığı yerə hər gün qayıtmaq imkanı olarsa, ona yalnız təsdiqedici sənədlərə əsasən yol xərcinin ödənilməsi təmin edilə bilər. Bu halda mehmanxana xərci təyin edilmir. İşçinin hər gün yaşayış məkanına qayıtmaq məsələsi isə işlədiyi təşkilatın rəhbərləri tərəfindən həll olunur. Bu halda ezamiyyə xərclərinin normasının tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqamlar:

  • ezam yerinin məsafə uzaqlığı;
  • görülən işin xüsusiyyətləri;
  • işçiyə normal istirahət üçün şəraitin yaradılmasıdır.

İşçilərin ezamiyyətə gedib qayıtması üçün sərf edilən xərclər isə, taksidən istifadə nəzərə alınmadan, nəqliyyat xərcləri hesab olunur və təqdim olunan sənədlərə əsasən ödənilir. Ola bilər ki, işçi respublika daxili ezamiyyəyə xidməti minik avtomobili ilə göndərilsin. Bu zaman nəqliyyat vasitələri üçün müəyyən edilmiş həddən artıq yol qət edildikdə sərf edilən yanacağın dəyəri  nəqliyyat xərci kimi ödənilməlidir. Həmçinin,  quraşdırma, sazlama, tikinti kimi işlərin icrası məqsədilə ezamiyyətə göndərilən işçi yaşayış yeri ilə təmin olunarsa, ona təsdiqedici sənəd əsasında nəqliyyat xərcinin ödənməsi təmin edilməlidir. Gündəlik yemək xərci isə AR NK-nin qərarına uyğun  müəyyən edilən məbləğdə, yəni 15.00 azn təyin olunur. Lakin yaşayış yeri ilə təmin olunmayan işçilərə  ezamiyyət xərcləri ümumi qaydada verilir.

Ezamiyyə xərcinin ödənilmə mənbəyi

Ezamiyyə xərcləri büdcə təşkilatlarında bu məqsədlə ayrılmış vəsait məbləğindən, digər təşkilatlarda isə onların öz vəsaiti hesabına ödənilir. Qanunvericiliyə əsasən ezamiyyə xərclərinin normasından artıq ödənilmə mümkündür. Yəni, müəssisə ezamiyyə xərcinin normadan artıq hissəsini öz sərbəst mənfəəti hesabına ödəyə bilər. Normadan artıq ödənilmiş məbləğ təsdiqedici sənəd təqdim edildikdə işçinin gəliri hesab olunmur,  gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmir. Lakin, Vergi Məcəlləsi faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsinin gəlirdən çıxılmasına yol vermir (VM, maddə 109.7).

Nümunə 2:  Yevlaxdan Bakı şəhərinə ezamiyyətə göndərilən işçiyə 110 manat avans ödənilmişdir. Geri qayıtdıqdan sonra işçi verilən avansın tam xərcləndiyini təqdim etdiyi hesabatda qeyd edir. Məlum olduğu kimi Bakı şəhərinə 1 günlük ezamiyyə norması 90 manat təşkil edir və müəssisə də yalnız həmin məbləği gəlirdən çıxılan xərc kimi göstərə bilər. Normadan artıq çəkilmiş xərc isə təsdiqedici sənəd mövcud olduğu üçün onun vergi tutulmayan gəlirinə aid ediləcəkdir.

Xarici ezamiyyə xərclərinin norması haqqında buradan oxuya bilərsiniz.


Print Friendly, PDF & Email