Xidməti ezamiyyət və ondan istifadə qaydaları

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyət nədir?

İşçinin müəssisə rəhbərinin əmrinə əsasən daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək məqsədilə başqa yerə getməsi xidməti ezamiyyət hesab olunur.

Xidməti ezamiyyətlər AR Maliyyə Nazirliyinin “İşçilərin Ezamiyyə Qaydaları”na müvafiq tənzimlənir. Amma, elə işçilər də var ki, onlar gediş-gəliş xarakterli işlə məşğul olduqları üçün həmişə yolda olur, yəni onların iş saatından sonra yaşadıqları ünvana geri qayıtmağı mümkün deyildir. Bu ezamiyyə sayılmır. Məsələn, Bakı-Quba şəhərləri arasında kənd təsərrüfatı məhsulunun daşınması üzrə sürücülük vəzifəsində işləyən işçinin xidməti ezamiyyət hesab olunmur. Bu işçilərə ezamiyyə xərcləri əvəzinə hər günə görə əlavə 15 manat vəsait ödənilir.

Xidməti ezamiyyətin növləri

Ezamiyyətin iki növü var:

  • daxili ezamiyyət;
  • xarici ezamiyyət.

Xidməti ezamiyyətlər müəssisənin rəhbəri tərəfindən müəyyən olunur və ezamiyyə əmri ilə rəsmiləşdirilir. Respublikadaxili ezamiyyətdə müvafiq əmrlə bərabər ezamiyyə vəsiqəsi də verilməlidir. Respublikaxarici ezamiyyətlərdə isə həm rəsmi əmr, həm də ölkədən giriş-çıxış haqqında pasportda (yaxud pasportu əvəz edən sənəd) səlahiyyətli orqanların apardığı qeydlər nəzərə alınır. Əgər  ezamiyyə xərcləri dəvət edən tərəfdən ödənilərsə, bu barədə müddəalar əmrdə qeyd olunmalıdır.

Ezamiyyətin müddəti

Ezamiyyənin müddəti, işçinin yolda olduğu vaxtın nəzərə alınmaması şərtilə, 40 gündən artıq müəyyən edilə bilməz. Bu halda AR-nın xarici ölkələrdəki diplomatik xidmət əməkdaşları və digər təşkilatlarda fəaliyyət göstərən nümayəndələri istisnalıq təşkil edir. Əgər ezamiyyələr təftiş, yoxlamalarla əlaqəli olarsa, onun müddəti yoxlamanın qurtardığı vaxta qədər uzadıla bilər. Həmçinin, quraşdırma, tikinti işləri ilə bağlı ezam olunmuş işçilərin ezamiyyə müddətləri də həmin işlərin yerinə yetirilmə vaxtından asılı olaraq müəyyənləşir.

Yalnız  əmək müqaviləsi ilə işləyən işçilərin xidməti ezamiyyətə göndərilməsi mümkündür. Bu zaman aşağıdakı işçilərin:

  • hamilə, 3 yaşdan kiçik övladı olan qadınların;
  • 18 yaşı tamam olmayan işçilərin ezamiyyətə göndərilməsi yolverilməzdir.

Həmçinin:

  • 3-14 yaş arası uşağı olan;
  • əlil övladı olan qadınların ezam olunması üçün onların razılığı alınmalıdır.

Ezamiyyət zamanı iş qrafiki

Ezam olunmuş işçinin gedib-gəldiyi gün istirahət, yaxud da bayram günlərinə təsadüf edə bilər. Bu zaman həmin işçiyə qanunvericiliyə müvafiq əlavə əməkhaqqının və istirahət gününün verilməsi tələb olunur. İşçi ezamiyyətdə olan müddətdə həm işlədiyi yer, həm də vəzifə maaşı saxlanmalıdır. Əvəzçiliklə işləyən işçinin də əməkhaqqısının saxlanması şərti ilə  ezam olunması mümkündür. İşçi həm əsas, həm də əvəzçiliklə işlədiyi yerdən eyni vaxtda xidməti ezamiyyəyə göndərilərsə, əməkhaqqı hər iki iş yerində saxlanılır. Ezamiyyənin xərcləri isə hər iki təşkilat arasında razılaşaraq bölüşdürülür.

Xidməti ezamiyyətdə olan işçi müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş olduqda, ona ezamiyyə xərcinin 1 günlük normasına müvafiq xərclər ödənilməlidir. Həmin dövr ezamiyyət müddətinə aid olunmur.

Ezamiyyə xərcləri

Ezamiyyətdən əvvəl işçiyə ödənilən pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclərdən və nəqliyyat xərcindən ibarətdir. Həmin xərclərə:

  • gündəlik;
  • mehmanxana;
  • şəhərdaxili nəqliyyat;
  • rabitə və s. aiddir.

İşçilərin gedib qayıtması üçün istifadə olunan xərclər isə, taksidən istifadə nəzərə alınmadan, nəqliyyat xərclərinə aid edilir. Bu xərclərin normaları AR-nin NK-nin qərarına müvafiq təyin olunur.

1 günlük norma:

  • Bakı şəhəri – 90 azn;
  • Gəncə, Sumqayıt, Naxçıvan – 70 azn;
  • Respublika tabeliyində olan digər ərazilər – 65 azn müəyyən olunub.

Ezamiyyətdən geri döndükdən sonra işçi xərclənən vəsaitin məbləği barədə avans hesabatını hazırlamalıdır. Həmin hesabatın təqdim edilmə müddəti 3 gündən artıq olmamalıdır.

Əməkhaqqı hesablanması

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən ezamiyyə dövründə işçinin işlədiyi yer saxlanmalı, ona əməkhaqqı hesablanaraq ödənməlidir.

Nümunə: “Merkur” MMC-də işləyən işçi 02.09.2022-ci il tarixdən 06.09.2022-ci il tarixi daxil olmaqla 5 gün müddətində Bakıdan Gəncə şəhərinə ezam olunub. İşçinin əvvəlki 2 ay üzrə əməkhaqqısı 700 azn təyin edilib. Sentyabr ayındakı ezamiyyə günlərinin əməkhaqqısı belə hesablanacaq.

  • İyul ayı = 20 iş günü, 700 manat;
  • Avqust ayı = 22 iş günü, 700 manat;
  • Sentyabr ayı = 22 iş günü, 700 manat  ( ezamiyyətdə olduğu gün sayı = 5 );
  • ( 700 + 700 ) / ( 20 + 22 ) = 33, 33 (1 günlük orta əməkhaqqı);
  • 33,33 x 5 = 166, 65 ezamiyyədə olduğu müddət üzrə əməkhaqqı;
  • ( 700 / 22 ) x 15 gün ( ezamiyyədə olmadığı iş günləri ) = 477.15 manat;
  • 166, 65 + 477.15 = 643, 80 manat.

Beləliklə, işçinin sentyabr ayında 5 günlük xidməti ezamiyyətdə olması səbəbilə 700 azn əməkhaqqı əvəzinə 643, 80 azn hesablanmışdır.

Müəssisələrdə ezamiyyətdən istifadə qaydaları haqqında əlavə olaraq buradan da oxuya bilərsiniz.


Print Friendly, PDF & Email