Ezamiyyə xərcləri barədə bilmədiklərimiz

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Ezamiyyə xərcləriMüəssisə tərəfindən çöl şəraitində çalışan və işi gediş-gəliş xarakteri daşıyan işçilərə ödənilən əlavə vəsait işçinin vergi tutulan gəlirlərinə aid edilirmi?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin idarə direktoru Əvəz Quliyev bildirib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə görə, iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Bax: Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 30 yanvar 2012-ci il tarixdə normativ-hüquqi aktların dövlət reyestrində qeydiyyata alınmış «İşçilərin ezamiyyə Qaydaları»nın 1-ci bəndinə uyğun olaraq, dövlət orqanının, müəssisə, idarə və təşkilat rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyə sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi isə ezamiyyə hesab olunmur.

Həmçinin bax: İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarının 4-cü bəndinə görə, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir. Bu qərarın 6-cı bəndinə əsasən, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilirdi. Nazirlər Kabinetinin 1 iyul 2018-ci ildən qüvvəyə minən qərarına əsasən Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb. «Ezamiyyə xərclərinin normaları haqqında» Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarında dəyişikliyə uyğun olaraq, ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qədər artırılıb. Bununla yanaşı, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxt) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə verilən əlavə vəsait hər gün üçün 10 manatdan 15 manata qaldırılıb.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.
Print Friendly, PDF & Email