Bildiririk ki, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Belə ki, müəssisə tərəfindən əmlak vergisinin illik bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Həmin bəyannamənin vergi ödəyicilərinin məsuliyyəti hissəsindəki “hüquqi şəxsin rəhbərinin”, “baş mühasibin”, “bəyannaməni tərtib edən məsul şəxsin” çərçivələrində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və bəyannaməni tərtib edən şəxsin soyadı, adı və atasının adı yazılmaqla onlar tərəfindən imzalanır və rəhbər şəxs tərəfindən möhürlə təsdiqlənir. Bəyannamə auditor (agent) tərəfindən tərtib edildiyi halda isə “bəyannaməni auditor (agent) tərtib etdiyi halda onun S.A.A” çərçivəsində auditorun (agentin) soyadı, adı, atasının adı yazılmaqla imzalanır, “auditorun (agentin) VÖEN” xanalarında VÖEN göstərilir və dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər, lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

© taxes.gov.az

 

Ən  son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN!

Print Friendly, PDF & Email