Fərdi əmək mübahisələrinin həllində iddia müddəti nə qədərdir?

posted in: Xəbər | 0
birbank biznes

Əgər Həmkarlar İttifaqı Təşkilatının nəzdində fərdi əmək mübahisələrinə baxan Komissiya yaradılıbsa, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində bu mübahisəyə baxan komissiyaya müraciət edə bilər.

Bu haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Yuxarıda göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

İddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz.

İstehsalatda əmək xəsarəti ilə nəticələnən bədbəxt hadisə baş verdikdə edilməli olan hərəkət və müraciətlər:

Əksər hallarda İstehsalatda baş verən bədbəxt  hadisələr Dövlət Əmək Müfəttişliyi Xidmətindən və digər müvafiq qurumlardan gizlədilir və ya bu orqanlara müvafiq məlumatlar verilmir. İstehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti alan, vəfat edən və ya peşə xəstəliyinə tutulan işçi və ya onun yaxın qohumları hansı hərəkətləri etməlidirlər?

  • İlk növbədə, müalicə aldığı tibbi müəssisədən xəstəlik vərəqi və ya tibbi arayış alınmalıdır.
  • əmək xəsarəti barədə müəssisə rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumatın verilməsi aydınlaşdırılmalıdır.

Dövlət Əmək Müfəttişliyinə müəssisə rəhbərliyi tərəfindən məlumat verilmədikdə əmək xəsarəti ilə əlaqədar xəsarət alan işçi və ya onun qohumları tərəfindən rəsmi ərizə ilə müraciət oluna bilər:

  • Müəssisənin rəhbərliyinə
  • Müəssisənin Həmkarlar İttifaqı Təşkilatına
  • Sahə və ya Respublika Həmkarlar İttifaqı Komitəsinə
  • Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına
  • Dövlət Əmək Müfəttişliyi Xidmətinin  mərkəzi aparatına və ya onun rayon şöbələrinə
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə
  • Müalicə aldığı Tibb müəssisəsinə
  • Müəssisənin yerləşdiyi orqanın prokurorluğuna
  • İnsan haqları üzrə Ombudsmana
  • Müəssisənin yerləşdiyi rayon məhkəməsinə

Mənbə: nhmt-az.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email