Geri qaytarılan mallar vergitutma baxımından necə rəsmiləşdirilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Geri qaytarılan mallar vergitutma baxımından necə rəsmiləşdirilir?


Sual: Satdığımız malların müxtəlif səbəblərdən alıcılar tərəfindən geri qaytarılması halları olur. Belə hallarda rəsmiləşdirməni necə aparmalıyıq? E-qaimə ilə satdığımız malların geri qaytarılması mümkündürmü? Malların aktla geri qaytarılması aktını əvəz edə biləcək elektron xidmət varmı?
Keçmiş dövrdən satdığımız malların geri qaytarılması zamanı təqdim etdiyimiz ƏDV hesabatlarda nə kimi dəyişikliklər etməliyik?

Cavab: Bildiririk ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Mülki Məcəllə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.

Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

Əməliyyat tam və ya qismən ləğv edildikdə qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə qaytarılan malların alışını rəsmiləşdirən elektron qaimə-faktura dəqiqləşdirilir və alıcı tərəfindən təsdiqlənir.

Eyni zamanda, vergi tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda mal göndərənin, iş görənin və xidmət göstərənin ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatları dəqiqləşdirilir. İlk növbədə dəqiqləşməyə əsas yaranan dövrdə alıcı tərəfindən təsdiqlənmək şərti ilə elektron vergi hesab-faktura dəqiqləşdirilir. Daha sonra büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Malların geri qaytarılmasının rəsmiləşdirilməsi ilə əlaqədar daha geniş məlumatın alınması üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 163-cü174-cü və 175-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email