Gizli əməkhaqqı: uduzan kimdir?

posted in: Xəbər | 0
birbank biznes

“Hər bir insan səhv edə bilər. Vergi hesabatını dolduran istənilən mühasib də səhv edə bilər. Lakin saxta məlumatları bilərəkdən vergi hesabatına daxil edən mühasib bilməlidir ki, o, maddi-məsul şəxs kimi törədilmiş cinayətin iştirakçısıdır. Mən buradan bütün maddi-məsul şəxsləri xəbərdar etmək istəyirəm: nə qədər gec deyil, bu işi özünüz dayandırın. Çünki bunu biz dayandırmalı olsaq, qanunun tam ciddiliyi ilə hərəkət edəcəyik”.

Sahibkarlara, işəgötürən təşkilatlara ünvanlanan bu çağırış vergilər naziri Mikayıl Cabbarovun fevralın 13-də «Vergilər. Şəffaflıq. İnkişaf”» mövzusunda keçirilən konfransdakı çıxışındandır. Konfransda  qeyri-rəsmi məşğulluğa və ikili mühasibata qarşı sərt tədbirlərin görüləcəyi də bəyan edilib. Bildirilib ki, vergi orqanları ödəyiciləri eşitməyə, onların qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur.

Bu, həm də qanunsuz sahibkarlıq fəaliyyəti göstərən, qeyri-rəsmi məşğulluğa şərait yaradan, işçilərə gizli əməkhaqqı verən və ya əməkhaqqının tam məbləğini sənədlərdə göstərməyən şirkətlərə çağırışdır. Vergilər naziri deyib ki, hazırkı şəraitdə vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşının alınması üçün yalnız inzibati tədbirlərdən istifadə edir: «Ancaq bunun bir limiti var və bu limit bitmək üzrədir. Ona görə də bu halları yaradan amillər vergi ödəyiciləri ilə birlikdə aradan qaldırılmalıdır. Kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz öhdəliyini düzgün yerinə yetirməlidir. İkili mühasibatlığın aparılması, dövriyyəyə cəlb edilən vəsaitlərin gizlədilməsi, vergidən yayınma hallarının qarşısı alınmalıdır»”.

Bəzi işəgötürən təşkilatların işçilərə verdiyi real əməkhaqqının məbləğinin gizlədilməsi heç kəsə sirr deyil. Bunu aidiyyəti dövlət qurumlarının apardığı monitorinqlər də dəfələrlə təsdiq edib. O da hər kəsə bəllidir ki, Bakıda və bölgələrdə tikilməkdə olan çoxmənzilli yaşayış binalarında işçiləri müqaviləsiz çalışdıran şirkətlərin sayı kifayət qədərdir.

Bəs gizli məşğulluğun,

ikili mühasibatlığın

qarşısını necə almalı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə hesab edir ki, hazırkı şəraitdə dövlət strukturlarının əsas hədəfi düzgün məşğulluq siyasəti qurmaqla real sektorda yeni iş yerləri yaratmaq  və gizli məşğulluğun qarşısını almaq olmalıdır: «İqtisadiyyatda elə sahələr var ki, yeni iş yerləri yaradaraq büdcə gəlirlərini artıra bilərik. Bir məsələyə də diqqəti atırmalıyıq: əmək müqaviləsinin bağlanması, «kölgə» iqtisadiyyatı”nın azaldılması, əmək nizamının gücləndirilməsi büdcə gəlirlərini artıra bilər».

Hər bir işçi əmək

münasibətlərinə

özü nəzarət etməlidir

Z.Səmədzadənin sözlərinə görə, işçilərin müqaviləsiz işlədilməsi, əməkhaqqının aşağı göstərilməsi halları geniş yayıldığından ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq çətinləşir. Vergi ödəyicilərinin sayının sivil qaydalarla artırılmasına nail olmaq üçün ilk növbədə gizli məşğulluğa səbəb olan amillər aradan qaldırılmalıdır: «Bu problem hələ 1980-ci illərdə vardı, qonşu ölkələrlə müqayisədə Azərbaycanda tikinti-quraşdırma işlərinin həcmində o qədər fərq olmadığı halda, işçilərin sayı iki-üç dəfə az idi: tikintidə çalışan işçilərin sayı rəsmi qeydiyyatdan gizlədilirdi. Bu gün də belə hallar çoxdur. Həm də təkcə tikinti sektorunda deyil, iqtisadiyyatın müxtəlif sahələrində. Ona görə də əmək münasibətlərinin təkmilləşdirilməsi yolu ilə bu sahədə şəffaflığı artırmaqla ölkənin imicini də yüksəltməliyik. Gizli məşğulluq, ikili mühasibat vergi ödəyicilərinin sayının azalmasına gətirib çıxaran amillərdəndir və bu, respublikanın imicinə də mənfi təsir göstərir. Necə ola bilər ki, faktiki işləyən insanların sayı və əmək qabiliyyətli əhalinin faiz göstəriciləri yüksək olsun,  bu qədər yeni iş yerləri yaradılsın, amma rəsmi işçilərin sayı kifayət qədər olmasın. Bu məsələ mütləq nəzarətə götürülməlidir»”.

Azərbaycanda qeyri-rəsmi məşğulluğun səviyyəsinin artması səbəbləri sırasında muzdlu işlə bağlı ödəmə mənbəyində verginin və sosial ayırmaların dərəcələrinin yüksək olması da göstərilir. Sahibkarlıq fəaliyyətində xərclər yüksək olduğuna görə, işəgötürənlər işçiləri rəsmi qeydiyyata almaqda maraqlı deyillər. Ziyad Səmədzadə sahibkarların bu arqumentini kifayət qədər əsaslı sayır və hesab edir ki,  qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müəyyən yumşaldıcı tədbirlərə ehtiyac var: «Əgər biz yaxşı nəticəyə nail olmaq istəyiriksə, müəyyən addımlar atmalıyıq. İlk növbədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Həmçinin gizli məşğulluğun, ikili mühasibatlığın qarşısını almaq üçün vergi və sosial ödənişlər məsələsinə də baxmaq olar”.

Gizli məşğulluq probleminin həlli həm də işçilərin özündən asılıdır: gələcəkdə pensiyaya çıxacaq vətəndaşların nə qədər pensiya alacağı onların işlədiyi müddətdə ödədiyi sosial sığorta haqlarının məbləğindən asılı olacaq. Ona görə də hər bir işçi işəgötürənlə öhdəliklərin qanuni şəkildə rəsmiləşməsinə çalışmalıdır. Dərk etməlidir ki, aldığı rəsmi maaşla gələcəyinə təminat yaradır: rəsmi maaşı nə qədər çox olsa, alacağı pensiya da buna uyğun şəkildə yüksək olacaq…».

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, bu cür problemlərin həlli üçün müvafiq dövlət qurumları əmək hüquqlarının pozulması məsələsini ciddi nəzarətə götürməlidir. Onun sözlərinə görə, ikili mühasibat və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün təkcə vergi sistemində şəffaflığın təmin edilməsi kifayət deyil: «Bu məsələ kompleks şəkildə həll edilməlidir. Bunun üçün real sektordakı problemləri – məsələn, vergi uçotundan danışırıqsa, məhsul istehsal olunandan onun bazara çıxışına qədər bütün proseslər sənədləşdirilməlidir. Çünki bütün bu proseslərin hamısı bir-biri ilə zəncirvari bağlıdır, bu zəncir hansısa mərhələdə qırılanda ümumi prosesə zərər dəyir. Bu baxımdan, gömrük sisteminin də tam şəffaf olması vacib şərtdir. Sahibkar satılan məhsulun sənədlərini təqdim edə bilmirsə, bu, intizamsızlığa, ödəyici ilə vergi orqanları arasında inamsızlığa, şəffaflığın pozulmasına gətirib çıxarır”».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email