Hamiləliyə və doğuşa görə sosial məzuniyyət

posted in: Xəbər | 0
birbank biznes

Nəyə görə “dekret pulu”?

Hamiləliyə və doğuşa görə sosial məzuniyyət üçün hesablanan məbləği bəzən “dekret pulu” da adlandıranlar var. Səbəbi bizim tariximizlə bağlıdır. Belə ki, Azərbaycan yaxın keçmişdə SSRİ-nin tərkibində idi, bu kimi məsələlər mərkəzləşmiş qanunlarla idarə olunurdu. SSRİ-də bu məzuniyyət növü 1917-ci ildə qəbul edilmiş dekretlə (dekret – fərman, hüquqi akt) meydana çıxmışdı. Sonradan “analıq məzuniyyəti” kimi də ifadə edilən “dekretdə olmaq” hüquqi anlayış kimi artıq mövcud deyil, əvəzində artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənən  “hamiləliyə və doğuşa görə məzuniyyətlər” anlayışı var.

Hamiləlik və doğuşa görə məzuniyyət sosial məzuniyyət növünə aiddir, işçiyə analıq və uşağa qulluq üçün əlverişli şərait yaratmaq məqsədi ilə verilir. İşəgötürən iş müddətindən, yerindən və növündən, fəaliyyətinin təşkilatı-hüquqi formasından asılı olmayaraq aşağıdakı işçilərə bu məzuniyyəti verməyə borcludur:

  • hamilə qadınlara;
  • iki ayadək uşağı övladlığa götürən qadınlara;
  • iki ayadək uşağı övladlığa götürmədən böyüdən qadınlara.

İşçiyə müavinətlərin verilməsi üçün əsas şərt  6 aydan az olmayan sosial sığorta stajının mövcudluğudur.

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti

Hamiləlik və doğuma görə məzuniyyət əmək müqaviləsi üzrə işləyən bütün qadınlara xəstəlik vərəqəsi əsasında verilir. Sosial məzuniyyətin müddətinə aşağıdakı amillər təsir edir:

  • onların hansı sahədə işləməsi;
  • doğuşun çətinlik səviyyəsi;
  • doğulmuş uşaqların sayı.

İşləyən qadınlar üçün hamiləlik və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təyin edilməklə, doğuşdan əvvəl və sonrakı dövrü əhatə edir. Bu halda ödənişli məzuniyyətin müddəti:

  • doğuşdan əvvəl 70;
  • doğuşdan sonra 56 təqvim günü kimi müəyyən edilir.

Doğuşun çətin olması, iki, yaxud daha çox uşağın doğulması hamiləlik və doğuma görə məzuniyyətin müddətinə təsir edə bilər. Bu halda doğuşdan sonrakı müddət artaraq 70 təqvim günü müəyyən edilir və qadınlara ümumilikdə 140 günlük hamiləlik və doğuşa görə məzuniyyət verilir.

Doğumdan sonrakı 56 günlük məzuniyyətdən istifadə hüququ, həm də 2 aylıq yaş həddinə qədər uşaqları övladlığa qəbul edən, həm də  övladlığa götürmədən uşaq böyüdən qadınlara da şamil edilir. Bundan əlavə, ƏM-nin 126-cı maddəsi üzrə həmin qadınlar əlavə məzuniyyətlərdən, (ƏM maddə 117) həmçinin, qismən ödənişli sosial məzuniyyətlərdən də (ƏM maddə 127) istifadə edə bilərlər.

Kənd təsərrüfatı sahəsində çalışanlar üçün müddətlər

Hamiləlik və doğuşa görə məzuniyyətin müddəti kənd təsərrüfatı istehsalında çalışanlar üçün fərqlidir, daha doğrusu, çoxdur. Bu isə həmin sahədə işin daha ağır, çətin olması, qadınların daha çox fiziki əməyə cəlb olunması ilə bağlıdır.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlar dedikdə südçülük, atçılıq, pambıqçılıq, üzümçülük, taxılçılıq, tütünçülük, meyvəçilik, qoyunçuluq, maldarlıq və s. kimi işlərdə çalışan qadınlar nəzərdə tutulur. Bu qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı təqvim günləri qədər təyin olunur.

Doğuş normal şəraitdə keçdikdə 140, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 70 təqvim günü.

Doğuş çətin keçdiyi zaman 156, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 86 təqvim günü.

Uşağın sayı 2, yaxud daha çox olduqda 180, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 110 təqvim günlük məzuniyyətlərin verilməsi təmin olunur.

Sosial məzuniyyət üçün ödənişlərin hesablanması

İşçinin təqdim etdiyi xəstəlik vərəqəsi hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi üçün əsasdır. Məzuniyyət üçün müavinət onun əsasında təyin olunur və DSMF hesabına ödənilir. Qeyd etdiyimiz kimi, ödəniş üçün 6 aydan az olmayan sosial sığorta stajının mövcudluğu əsas şərtdir. Müavinətin aylıq məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən çox olmamalıdır.

Hamiləlik və doğuma görə xəstəlik vərəqinin ön hissəsi müvafiq səhiyyə müəssisəsi, arxa hissəsi isə işçinin iş yerində doldurulur. İşçi xəstəlik vərəqəsini təqdim edərkən tam doldurulması, tərtibatı və orada göstərilən məlumatların düzgünlüyü yoxlanılır (məsələn, işçinin adı, soyadı, atasının adı, iş yeri, sənədi verən səhiyyə müəssisəsi və həkimin adı, uyğun möhürlər və sair).

Xəstəlik vərəqinin arxa hissəsındə sosial məzuniyyətin verilməsi önəmli məlumatlar əks olunur. Həmin hissəni işəgötürənin müxtəlif səlahiyyətli əməkdaşları (tabelçi, kadrlarla iş şöbəsinin əməkdaşı, müavinət komissiyası, mühasibatlıq əməldaşı) doldurur. Buradakı məlumatlara aşağıdakılar nümunə göstərilə bilər:

  • müəssisənin adı;
  • işçinin tutduğu vəzifə;
  • əmək müqaviləsinin forması;
  • ümumi əmək stajı;
  • müavinət komissiyasının protokolunun nömrəsi;
  • əməkhaqqı məlumatları və sair.

Hamiləliyə və doğuşa görə müavinətin alınması üçün müdiriyyətin müavinət təyin edən komissiyasına işəgötürənin uyğun əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır.

Sosial məzuniyyət üçün müavinətin alınması üçün aşağıda qeyd edilən sənədlər toplanaraq işəgötürən tərəfindən DSMF-na təqdim edilməlidir:

  • xəstəlik vərəqəsinin sürəti;
  • protokol;
  • işə qəbul əmrindən çıxarış;
  • haqq-hesab cədvəli;
  • DSMF-na məktub.

Sənədlərin təqdim edilməsi və müavinətin təyin olunması üçün hesablamalar elektron hökumət portalının müvafiq xidməti vasitəsi ilə aparılır. Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi haqqında buradan da məlumat ala bilərsiniz.

Hamiləlik və doğuşa görə müavinət işçinin gündəlik qazancının 100 faizii mıqdarında müəyyən edilir və müraciət müddətini məhdudlaşdırmadan ödənilir. Gündəlik müavinət məbləği məzuniyyət müddətindəki iş günlərinə vurularaq müavinətin ümumi məbləğinin hesablanması həyata keçirilir.

Əgər işçinin sosial məzuniyyətdə olduğu müddətdə onun vəzifə maaşında dəyişiklik olarsa, təyin olunmuş müavinət artım nəzərə alınmaqla yenidən hesablanır. Hamiləlik və doğuma görə müavinətin hesablanması qaydası haqqında buradan ətraflı məlumat almaq olar.

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti  həm əmək məzuniyyəti, həm də qismən ödənişli məzuniyyətlə (həmçinin ödənişsiz məzuniyyətlə) üst-üstə düşərsə, xəstəlik vərəqəsi əsasında məzuniyyətin bütün günləri üçün müavinət verilir.


Print Friendly, PDF & Email