Hamiləliyə və doğuma görə müavinətin hesablanması və maliyyələşmə mənbələri

posted in: Müavinət, Xəbər | 0

müavinətin hesablanması hamiləlikHamiləlik və doğuma görə müavinətin hesablanması və maliyyələşmə mənbələri

Hamiləliyə və doğuma görə məzuniyyət üçün verilən müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.

Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
  • uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;
  • məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləlik və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.

Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.

Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür.

Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.

Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir.

Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.

Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.

Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur.

Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamədə (30-cu bənd) göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Misal: Qadın hamiləlik və doğuma görə məzuniyyətə 2005-ci ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 2006-cı ilin avqust ayında işə başlamış və 2007-ci il iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 2006-cı ilin avqust ayından 2007-ci ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir.

Hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır.

Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə hamiləlik və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti və yaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır.

Ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində  və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca hamiləlik və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır.

Əsasnamədə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır.

Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.

Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Göstərilən şəxslərə hamiləlik və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır.

Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *