Hansı halda torpaqlar vergidən azaddır?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Vergi Məcəlləsinin 207.1.3-ci maddəsinə əsasən istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisindən azaddır. Göstərilən maddəyə əsasən izahat verməyinizi sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, sözügedən maddə istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqlarının, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqların tamamailə torpaq vergisindən azad edildiyini müəyyən edir.

İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət torpaqları dedikdə bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları, yəni Torpaq Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan dövlət ehtiyat fonduna daxil olan torpaqlar nəzərdə tutulur.

Meşə fondunun torpaqlarına Torpaq Məcəlləsinin 31-ci maddəsinin müddəalarına uyğun olaraq meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları aid edilir.

Su fondu torpaqları isə Torpaq Məcəlləsinin 32-ci maddəsinin müddəalarına uyğun olaraq əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir və özündə aşağıdakı torpaq sahələrini cəmləşdirir:

  • Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;
  • su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
  • hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

Dövlət mülkiyyətinə daxil olan torpaqların bitmiş siyahısı Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilir və meşə və su fondu torpaqları da (o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar da) bu siyahıya daxil edilir.

Bu maddədə sadalanan torpaq sahələri yalnız o halda torpaq vergisinə cəlb edilmir ki, onlar istehsal fəaliyyətinə cəlb edilməmiş olsunlar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email