Sabit vergi üzrə maliyyə sanksiyası

posted in: Vergi | 0
birbank biznes

Sabit vergi ödəyiciləri

Sabit vergi Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəyyən kateqoriya fiziki şəxslərə, gəlir və dövriyyəsindən asılı olmayaraq, tətbiq edilən vergitutma formasıdır. Sadələşdirilmiş vergi növü olan bu sistem  hesablamaşmaların asanlaşdırılması və  fərdi sahibkarlın vergi yükünün azaldılması üçün nəzərdə tutulub. Potensial sabit vergi ödəyicisi qanunvericiliyin tələblərindən məlumatlı olmalıdır, əks halda ona maliyyə sanksiyası tətbiq edilə bilər.

Sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən fərdi sahibkarların tərkibi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.10-ci maddəsi ilə müəyyən edilib. Buraya fərdi qaydada, muzdlu işçi cəlb etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aid edilir, məsələn:

  • toy və şənliklərdə aparıcılıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslər;
  • fərdi foto xidmətləri göstərən sahibkarlar;
  • pinəçi və çəkməçilər;
  • məişət cihazlarının təmiri ustaları;
  • dayələr, bağban, aşpaz və ofisiantlar;
  • bərbərlər, dərzilər belə şəxslərə nümunədir.

Bu fiziki şəxslər, onların büdcəyə ödəmələri haqqında “Sabit vergi necə hesablanır” adlı məqaləmizdən daha ətraflı oxuya bilərsiniz. Düzgün olmayan ödəmələrə görə maliyyə sanksiyası qaçılmazdı.

 Sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən fərdi sahibkarlar vergi orqanında qeydiyyata duraraq VÖEN almalı, sonra isə uyğun məbləğləri ödəməklə “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır (VM, maddə 16.1.7-1). Sabit vergi ödəyicisinin qeydiyyatı və uçotu qeydiyyat üzrə vergi orqanında yaxud xidmət mərkəzində aparılır. Qəbz isə vergi ödəyicisinə:

  • yazılı müraciət zamanı iki iş günü ərzində;
  • elektron müraciət zamanı real vaxt rejimində verilir.

Qeyd edilən qəbzi almaq nağd pulla hesablaşmalar zamanı vergi ödəyicisini alıcıya müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir (VM 221.8.10).

“Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan uyğun sahibkarlıq fəaliyyətinin göstərilməsi vergi qanunvericiliyinin pozulması sayılır və belə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər.

 

Sabit vergi üzrə maliyyə sanksiyaları

Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla sabit vergi üzrə maliyyə sanksiyalarını iki qrupa ayırmaq olar:

  1. “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyətə görə maliyyə sanksiyası;
  2. nağd pulla hesablaşmalar zamanı müvafiq qəbz və digər ciddi hesabat blankları təqdim edilmədikdə tətbiq edilən maliyyə sanksiyası.

Sabit vergi üzrə maliyyə sanksiyaları qəbz almadan fəaliyyət zamanı Vergi Məcəlləsinin 58.12-ci maddəsi, ciddi hesabat blanklarının təqdim edilməməsinə görə isə 58.7-ci maddəsinə uyğun olaraq tətbiq olunur.

Maliyyə sanksiyasının tətbiqi qaydaları

Hər iki sabit vergi üzrə maliyyə sanksiyasının tətbiqi zamanı belə halların baş vermə tezliyi nəzər alınır.

“Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmadan sahibkarlıq fəaliyyəti təqvim ili ərzində birinci dəfə rast gəlindikdə həmin fəaliyyət növü üzrə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 %, iki və daha çox dəfə yol verildikdə isə 100 % miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılmasına, habelə:

  • ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə qəbz verilməsinə, yaxud;
  • alıcıya qəbzin ümumiyyətlə verilməməsinə görə sabit vergi ödəyicisinə mailiyə sanksiyası tətbiq oluna bilər.

Bu halda qanun pozuntusuna təqvim ili ərzində:

  • birinci dəfə yol verildikdə 1000 manat;
  • ikinci dəfə yol verildikdə 3000 manat;
  • üç və daha çox dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarının (alıcıya verilən qəbz formasını) tətbiqi AR NK-nın təsdiq etdiyi “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması” Qaydalarına uyğun aparılır.


Print Friendly, PDF & Email