Hansı müavinətlər nə qədər artdı?

posted in: Müavinət, Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci il tarixli bir neçə fərmanına əsasən bəzi kateqoriyadan olan şəxslər üçün müəyyən edilmiş müavinətlərin məbləğində dəyişiklik edilərək artırılmışdır.
Fərmanlara əsasən müavinətlərində dəyişiklik edilmiş şəxslər və artımın məbləğləri aşağıdakı kimi təsbit edilmişdir:
  • 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla)
  • Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə
  • Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara
  • 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə
  • Müharibə əlillərinə
  • Şəhid ailəsinə
sosial müavinətlərinin 10%-i miqdarında əlavələr ediləcəkdir.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə isə verilən Prezident təqaüdünün miqdarı 200 AZN məbləğində artırılıb.

Onu da qeyd etmək lazımdır ki, bu dəyişikliklər 01 mart 2018-ci il tarixdən hesablamalarda nəzərə alınacaqdır.

Xatırlatmaq yerinə düşərdi ki, yuxarıda qeyd edilmiş kateqoriyadan olan şəxslər üçün hazırda ödənilən müavinətlərin məbləği aşağıdakı kimidir:

  • Şəhid ailəsi üçün 220 AZN
  • 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuşlar və müharibə əlili olmuş şəxslər üçün 1-ci qrup 165 AZN, 2-ci qrup 143 AZN, 3-cü qrup üçün isə 110 AZN
  • Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün 200 AZN
  • Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 66 AZN
  • 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə 110 AZN
  • Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 1300 AZN

Mövzu çərçivəsində bildirmək lazımdır ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *