İcarəyə götürülmüş əmlakın kommunal xərcləri hansı halda gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Hüquqi şəxs vergi ödəyicisi olmayan fiziki şəxsdən daşınmaz əmlak icarəyə götürüb və müqavilə şərtlərinə əsasən elektrik və qaz xərcləri icarəyə götürən hüquqi şəxsin öhdəliyi hesab edilir. Lakin “Azərişıq” və “Azəriqaz” tərəfindən qaimə-faktura, vergi hesab-faktura əmlakın sahibinin adına gəlir. Bu halda vergitutma baxımından xərc sənədi olaraq hansı sənəd qəbul edilir və ya etmək olar?

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Göründüyü kimi, hər iki metodun tələbi vergi ödəyicisinə məxsus olan və sənədləşdirilmiş xərclərin gəlirən çıxılmasıdır. Sənədləşdirilməsi digər şəxsin adına olan təsərrüfat obyektinə görə ödənilən xərclərin gəlirlərdən çıxılması isə vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir.

Sözügedən xərclərin gərlidən çıxılması üçün icarədar kommunal xidmətlərini yerinə yetirən şəxslərlə öz adından müvafiq müqavilələri bağlamalı və təqdim edilən sənədlərdə də xidmətlərin alıcısı kimi məhz icarəyə götürən hüquqi şəxs olmalıdır.

Bax: Vergi Məcəlləsinin 130-cu – 136-cı maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email