İkili yazılış, debet – kredit hesablar nədir?

birbank biznes

Debet, kredit anlayışları mühasibatlıqda necə tətbiq olunur? Uçot hesablarında ikitərəfli qeydlərin tətbiqi hansı zərurətdən meydana çıxıb? Hansı alimlər mühasibat uçotunda qeydlərin sistemləşdirilməsində əhəmiyyətli rol oynayıb?

İkili yazılış metodunun zəruriliyi

Aktiv və passivlər, onların tarazlığı haqqında danışarkən, müəssisədə baş verən təsərrüfat əməliyyatlarının azı 2 mühasibat hesabına (bəzən isə 4) təsir etdiyini qeyd etmişdik.

Mühasibatlıqda ikili yazılış prinsipini mühasibat uçotunun təməl prinsiplərindən  biri kimi də şərh etmişdik. Məsələ ondadır ki:

  • əməliyyat iqtisadi səmərə axını gətirməli yaxud onu azaltmalıdır;
  • axının artımının mənbəyi, azalmanın səbəbi olmalıdır.

Yəni, pulumuz artırsa-mənbəyi, malımız azalırsa-səbəbi axtarmalıyıq. Mühasib uçot qurursa, həm iqtisadi səmərə axınını, həm də mənbəni, səbəbi qeyd etməlidir. Hadisənin nəticəsini bilirik, lakin səbəb aydın deyilsə, baş verənlər barədə təsəvvürümüz yarımçıq olacaq. Səhər həyətə düşəndə yerin yaş olduğunu görərkən “Gecə yağışmı yağıb?” sualını veririk: bizi ilk maraqlandıran həmin nədən qaynaqlanmasıdır.

Bir halda ki hər şey səbəb-nəticə əlaqəsinə bağlıdır, təsərrüfat əməliyyatı da azı 2 hesabda özünü büruzə verməlidir (səbəb və nəticə hesabında). İkili yazılış prinsipinin bizə demək istədiyi budur.

Beləliklə, 1 əməliyyat ən azı 2 hesaba təsir edəcək, onları azaldacaq yaxud artıracaq. Əməliyyatın təsirini mühasibat uçotunda qeydə almaq üçün artma və azalma kimi ikili imkana malik uçot hesabına sahib olmalıyıq. İkili xüsusiyyət uçot hesabını sol və sağ, qərb və şərq kimi 2 hissəyə ayırmağa vadar edir.

Hesabların təsviri, debet – kredit anlayışı

Təsərrüfat əməliyyatlarının ikili təsirini əks etdirmək üçün mühasibatda xüsusi uçot sənədi – T formalı mühasibat hesablarından istifadə olunur. T-hesab ikitərəfli cədvəldir, sol tərəf debet, sağ tərəf kredit adlandırılır. Belə adlandırılma şərtidir, əksinə də ola bilərdi. Bu mahiyyətə təsir etmir, sadəcə belə qəbul edilib. Hesabın belə strukturu bütün hesablara (aktiv, passiv, gəlir, xərc və sair) aiddir.

T formalı mühaisibat hesabları, aktiv. Passiv, debet kredit

İkili yazılış metodunun tətbiqi zamanı istifadə edilən “Debet” və “kredit” sözləri latın əsaslıdır, uyğun olaraq “o borcludur” və  “o inanır” mənasını verir.

Mühasibat krEditi ilə bank kredİtini qarışdırmayın. Vurğu “e” hərfinə düşən birinci, mühasibat uçotu hesabının bir hissəsi, vurğu “i” hərfinə düşən ikinci isə bankdan faizlə götürülmüş borcdur.

Bir qayda olaraq hesablar hansı tərəfi (kredit və ya debet) artırsa, o qalığa da malik olmalıdır. Aktivləri uçota alan hesablar aktiv hesablar, passivləri uçota alan hesablar passiv hesablar adlanır.

İkili yazılışın mahiyyəti

Qeyd etdiyimiz kimi, əməliyyatların ikili yazılış formasında qeydiyyatı mühasibatın təməl prinsiplərindəndir. Mühasibat uçotunun ilkin inkişaf mərhələsində uçot bir əməliyyat növü üzrə (məsələn, borclar) cədvəllərdə, belə demək olarsa, birli yazılış formasında aparılırdı. Amma belə uçotda tam təsəvvür formalaşmır. İnsan beyni onu tam anlaya bilmir. Bunun səbəbi insan beyninin işləmə tərzidir. İnsan beyni:

  • müqayisələrlə daha yaxşı fəhm (dərk) edir;
  • səbəb-nəticə əlaqəsini gördükdə daha yaxşı yadda saxlayır;
  • qrup halında daha çox məlumat yadda saxlayır.

İkili yazılış bizə bunun hər 3-nü təmin edir. Təsəsvvür edin ki, tacir 500 manat pul verib mal alır və hər birini yalnız mallar və pullar kitabında ayrılıqda yazır, əməliyyatın özü ayrıca bir jurnalda qeyd edilmir. Əmin olun ki, tacir bu cür müxtəlif əməliyyatlarını bir yerdə görməkdə çətinlik çəkəcək və öz biznesi barədə bir qədər təhrif olunmuş məlumatlara sahib olacaq.

Lakin tacir hər bir kitab üzrə ayrıca qeyd aparmamışdan öncə, baş vermiş əməliyyatı ayrıca:

                                               Dt “Mallar”     Kr “Kassa”      Mal alışı  500 manat  

formasında qeyd edərsə, hər şey onun üçün daha rahat olacaqdır.

Hesab edirik insan beyninin ikili yazılışa uyğun olmasını kəşf etmək və bunun üçün zəruri olan debet və kredit məfhumlarını mühasibat uçotuna gətirmək ona edilmiş ən böyük töhfələrdəndir.

Tarixə qısa baxış

Avropada ikili yazılış prinsipinin sistemləşdirilmiş təqdimatı italyan rahib və riyaziyyatçısı Luka Paçolinin (1445-1517) adı ilə bağlıdır, o, bunu özünün “Hesab, həndəsə, nisbət və mütənasibliyə dair biliklərin cəmi” (1494) dərsliyində şərh edib. Bu prinsiplər Gerolamo Cardano (1501-1576) Simon Stevin (1548-1620) əsərlərində inkişaf etdirilmişdir. Mühasibatın tarixçini araşdıran alim Y.V.Sokolov qeyd edir ki, L.Paçolinin kitabında nə mühasibat nəzəriyyəsi, nə də mühasibat elmi var idi: o, yalnız mühasibat uçotu prosedurunu təsvir etmişdir. Ümumiləşdirici ölçü olmadan ikili yazılışın tətbiqi mümkün deyil. Buna görə də ikili yazılış prinsipindən istifadə edərək mühasibat uçotunun aparılmasının zəruri şərti uçotun pul (dəyər) ifadəsində aparılmasıdır.

Gəlir vergisi

Print Friendly, PDF & Email