İşçi kateqoriyaları üzrə əmək məzuniyyəti hüququnun tənzimlənməsi

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan qanunvericiliyində məzuniyyət hüququ

İnsan hüquq və azadlıqlarının tanınması, onlara riayət edilməsi, o cümlədən müdafiəsi dövlətin konstitusiya borcudur. Azərbaycan Respublikasının Konstitusiyası onun dövlət quruluşunun əsaslarını, dövlət və cəmiyyət arasında yeni münasibətləri, şəxsiyyət, cəmiyyət, dövlət üçün ən mühüm hüquq, azadlıqları təsbit edir. Vətəndaşların məzuniyyət hüququ Konstitusiyanın 37-ci maddəsində təsbit olunub. Maddənin 2-ci hissəsində qeyd edildiyi kimi, əmək müqaviləsi ilə işləyənlərə:

  • 8 saatlıq iş günü;
  • istirahət, bayram günləri;
  • minimum 21 təqvim günü olmaqla ödənişli məzuniyyət təyin olunmalıdır.

Əmək Məcəlləsində tutduğu vəzifədən (peşədən), iş saatlarının miqdarından, əmək stajı və digər şərtlərdən asılı olaraq məzuniyyətin növləri, müddətləri müəyyən olunub. Əmək müqaviləsi ilə işləyən şəxslər əmək qabiliyyətinin yenidən bərpa edilməsi, sağlamlığının möhkəmləndirilməsi üçün məzuniyyətlə  təmin edilməlidir (ƏM, maddə 113). İşçilərin təkcə fiziki deyil, zehni gücü bərpa etməyə ehtiyacı var. Ona görə məzuniyyət hüququndan istifadə zəruridir.

Qanunvericilikdə işçilərin təhsil hüququnun təmin edilməsi, yaradıcılıq fəaliyyətinin təmini, sosial müdafiə tədbirləri üçün məzuniyyətlər nəzərdə tutulub.

Məzuniyyət hüququnu necə yaranır?

Qanunvericilik işçilərin istirahət hüququnun təmini üçün müxtəlif məzuniyyət növləri müəyyən edib. Onlardan biri də əmək məzuniyyətidir. Əmək məzuniyyətinin tərkibinə əsas və əlavə məzuniyyətlər daxildir. Əlavə məzuniyyət müəyyən şərtlər daxilində əsas məzuniyyətə əlavə edilmiş günlərdən ibarətdir. Bu şərtlər aşağıdakılardır:

  • əmək stajı;
  • iş şəraiti, əmək funksiyası;
  • işçinin uşaqlarının yaşı və sayı.

ƏM-nin 89-cu maddəsi üzrə işçinin normal iş vaxtı gündəlik 8 saatdan artıq ola bilməz. Uyğun olaraq o, həftəlik maksimum 40 saat işləməlidir. Amma qanunvericilik işçinin natamam iş günü, natamam iş həftəsi hüququnu da tanıyır (ƏM, maddə 114.4). İş saatının miqdarından asılı olmayaraq hər bir işçinin minimum 21 günlük əsas əmək məzuniyyəti hüququ var.

Mövsümi işlərdə çalışan işçilərin mövsüm bitəndən sonra işlədiyi hər ay üzrə minimum 2 təqvim günü olmaqla məzuniyyətdən istifadə hüququ yaranır (ƏM, maddə 114.5).

Əlavə iş yerində əvəzçiliklə işləyən işçilər də bütün məzuniyyət növləri ilə təmin edilməlidir (ƏM, maddə 110.2). Onlara məzuniyyət əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilir.

Ayrı-ayrı kateqoriyalar üzrə işçilərin məzuniyyətləri

İşçinin məzuniyyət hüququ əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi andan yaranır. Məzuniyyətin hesablanması təqvim gününə uyğun aparılır. ƏM-ə görə ödənişli əsas əmək məzuniyyətinin müddəti 21 təqvim günündən az deyil. Amma bəzi peşələrdə işləyən işçilərin 30 təqvim günü məzuniyyətdən istifadə hüququ var:

  • kənd təsərrüfatı istehsalı ilə məşğul olanlar;
  • dövlət qulluqçuları;
  • müəssisə rəhbərləri, mütəxəssisləri;
  • məktəbdənkənar uşaq müəssisələrinə rəhbərlik edənlər;
  • təhsil müəssisəsinin pedaqoji işlə məşğul olmayan rəhbərləri;
  • inzibati-tədris heyətində çalışanlar;
  • təhsil müəssisələrində çalışanlar;
  • elmi dərəcəsi olmayan elmi işçilər;
  • tibb işçiləri, həkimlər, əczaçılar.

Buna əsaslanıb deyə bilərik ki, işçi kateqoriyaları üzrə əmək məzuniyyətinin minimum müddəti 21 yaxud 30 təqvim günü ola bilər.

Bundan başqa müəyyən kateqoriyalar üzrə əsas məzuniyyət müddətləri müəyyən olunub. Bunlar aşağıdakılardır:

35 günlük məzuniyyət müddəti:

  • 16-18 yaş aralığındakı işçilər;
  • teatrlarda, televiziya, radio qurumlarında səhnəyə xidmət edənlər.

42  günlük müddət:

  • əlillər;
  • 16 yaşdan kiçik olanlar;
  • teatrlarda, televiziya, radio, kinematoqrafiya qurumlarında bədii və artist heyətləri;
  • pedaqoji, elmi fəaliyyət göstərənlər.

46 günlük müddət:

  • AR-nin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda xəsarət alan işçilər, AR Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycan Milli Qəhrəmanları və s.

56 günlük müddət:

  • Pedaqoji, elmi fəaliyyət göstərənlər.

Pedaqoji və elm sahəsində fəaliyyət göstərən  işçilərin siyahısı ƏM-nin 118-ci maddəsində öz əksini tapmışdır.

Bu qeyd olunanlarla bərabər, ƏM-də 115-ci maddəyə əsasən, yeraltı işlərdə, zərərli, ağır şəraitlərdə çalışanlara 6 təqvim günündən az olmayaraq əlavə məzuniyyətlər verilməlidir. Həmin peşələrin siyahısı AR Nazirlər Kabinetinin uyğun qərarı  ilə tənzimlənir.

Həmçinin, işçilərə əlavə məzuniyyətlərin verilməsi iş stajına uyğun olaraq aparıla bilər:

  • 5 – 10 il arası – 2 təqvim günü;
  • 10 – 15 il arası-  4 təqvim günü;
  • 15 ildən yuxarı –  6 təqvim günü.

Respublikamızın işğaldan azad edilmiş ərazilərində çalışan mütəxəssislər 5 təqvim günü müddətində əlavə məzuniyyət götürə bilər. Bu həmin mütəxəssislərin əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı deyil. Həmin mütəxəssislərin işinin xüsusiyyəti məcəllənin 21-1 maddəsi ilə tənzimlənir (ƏM, maddə 118-1).


Print Friendly, PDF & Email