İşçilərin işdən çıxarılma qaydaları dəyişdirildi

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq.

Bu, Əmək Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsində qeyd edilib.

Əmək Məcəlləsinin hazırki variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin “B” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir.

Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.

Layihəyə görə, işçinin 1 ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir.

Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Yeni layihəyə görə isə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq.

İşçinin 1 ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək.

Yeni layihəyə görə, işçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq.

Bu layihəyə görə, işəgötürən işçinin razılığı ilə məcəllənin 70-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödəniş etməklə müqaviləyə xitam verə bilər.

Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq, azaldılır.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767) aşağıdakı dəyişikliklər edilsin:

1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”

2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.

3. 77-ci maddə üzrə:
3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;
3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;
3.4. 5-ci hissə ləğv edilsin;
3.5. 6-cı hissədə “işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, “üçüncü” sözündən sonra “, dördüncü” sözü əlavə edilsin.

Print Friendly, PDF & Email