İşçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirilib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda seminar keçirib. Tədbir Xidmətin 23 saylı region (Bakının Xətai və Suraxanı rayonları) üzrə Dövlət Əmək Müfəttişliyində təşkil olunub.
Bakının Xətai və Suraxanı rayonları üzrə işəgötürənlərin iştirakı ilə keçən seminarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma işlərinin cari ildə davam etdiriləcəyi vurğulanıb. Hazırda təşkil olunan seminarın işçilərin istirahət vaxtı və məzuniyyət hüquqları ilə bağlı məlumatlandırma məqsədi daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ayrıca bir bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub və işəgötürənlərin əsas vəzifələrindən biri – işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir.
Tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilməklə, hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu bildirilib. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib. Eləcə də sosial məzuniyyətlər, yaradıcılıq və təhsil, habelə ödənişli təhsil məzuniyyətləri, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər üçün əmək məzuniyyətlərinin müddətləri və s. ilə bağlı qanunvericilikdə əksini tapan müddəalar diqqətə çatdırılıb, müvafiq hüquqi-praktik izahat işi aparılıb.
Seminar zamanı işəgötürənlərin müvafiq mövzularda sualları da ətraflı şəkildə cavablandırılıb, onlara istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar maarifləndirici bukletlər paylanıb.

Mənbə: mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email