“İşsizlikdən sığorta haqqında” Qanunun pozulmasına görə ƏƏSMN toplanılan cərimələrdən bir qismini Nazirliyin işçilərinin mükafatlandırılmasına yönləndirəcək

posted in: Xəbər | 0
birbank biznes

 

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 609
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq
edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına
köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq
edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017- ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 28 dekabr
tarixli 609 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq
edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına
köçürülən vəsaitdən istifadə
Q A Y D A S I
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan (ödənilən) və həmin Nazirliyin xüsusi xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – xüsusi vəsait) istifadə qaydasını müəyyən edir.
1.2. Tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və madditexniki bazasının yaxşılaşdırılmasında istifadə olunur.
1.3. Mükafatlara gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir.

2. Xüsusi vəsaitdən istifadə qaydası

2.1. Xüsusi vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirliyin xüsusi xəzinə hesabı açılır.
2.2. Xüsusi xəzinə hesabının maliyyə mənbəyini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə Nazirlik tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsait təşkil edir.
2.3. Xüsusi xəzinə hesabına köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
2.4. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
2.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3. Xüsusi vəsaitin işçilərin sosial müdafiəsinin
gücləndirilməsinə yönəldilmiş hissəsinin istifadə istiqamətləri

3.1. Xüsusi vəsaitin Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
3.1.2. işçilərin həvəsləndirilməsi tədbirlərinə

4. İşçilərin mükafatlandırılması və həvəsləndirilməsi

4.1. Nazirliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
4.2. Nazirliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.
4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.
4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.
4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
4.7. Bu Qaydaya əsasən ödənilən mükafatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.

5. Xüsusi vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına
yönəldilən hissəsinin istifadə istiqamətləri

5.1. Xüsusi xəzinə hesabına toplanılmış vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:
5.1.1. malların (işlərin və xidmətlərin) alınmasına;
5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;
5.1.3. maddi-texniki bazanın gücləndirilməsi istiqamətində digər xərclərə.
5.2. Vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə zamanı Nazirliyin modern, çevik və avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına üstünlük verilir.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email