İşsizlikdən sığorta sistemi təkmilləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

İşsizlikdən sığorta sistemiAzərbaycan hökuməti işsizlik sığortası hesabına işə yeni qəbul edilən işçilərin əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi qaydalarına yenidən baxmağa hazırlaşır. Buna səbəb həmin yeniliyə sahibkarların maraq göstərməməsi olub.

Aydın Kərimovla mühasibat uçotu kursu

Xatırladaq ki, yeni qaydalara əsasən, işə bir sıra təbəqələrdən olan işçilərin qəbulu zamanı ödənilən əməkhaqqının 50%-ə qədərini dövlət ödəyəcəkdi. Burada əsas məqsəd məşğulluğun artırılması və bəzi kateqoriyaların sosial müdafiəsini gücləndirməkdir. Amma ilk baxışdan cəlb­edici görünsə də, Azərbaycanın iş adamları və şirkətləri bu sistemə maraq göstərməyiblər. Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, indiyədək bu yeniliyin tətbiqi üçün müraciət edən iş adamı olmayıb.

Mütəxəssislərin rəyinə görə, bunun səbəbi həmin qaydalarda bir sıra sərt tələblərin olmasıdır. Qaydalara görə, proqramda yalnız o şirkətlər iştirak edə bilər ki, işçilərinin 40 faizinin xüsusi dəstəyə ehtiyacı olsun. Buraya əlillər, məcburi köçkünlər, 20 yaşınadək gənclər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər, pensiya yaşına 2 il qalmış vətəndaşlar, əlil uşaqları olan valideynlər aiddir. İşçilərinin 40 faizini belə insanlar təşkil etməyən şirkətlərin isə proqramda iştirak etmək hüququ olmur. Bundan başqa, şərtlərə görə, proqramda iştirak etmək istəyən şirkətlər ən azı son bir ildə fəaliyyət göstərmiş olmalı, son bir il müddətində işçi sayında ixtisar etməməli, ümumiyyətlə, son bir ildə bu şirkətdə heç kim işdən çıxarılmamalı, vergi borcları və digər öhdəlikləri olmamalıdır.

Bax: Qazaxıstanda vergi amnistiyası elan edilib

Müşahidələr göstərir ki, bu tələblərə cavab verən şirkətlər, demək olar ki, yox səviyyəsindədir. Çünki heç bir şirkətdə işçilərin 40%-i göstərilən təbəqəyə aid deyil, üstəlik, son bir ildə bir işçini belə, nəinki ixtisar, hətta hər hansı səbəbdən işdən çıxarmayan şirkət tapmaq müşkül məsələdir. Buna görə də hazırda yeni qaydalarda bir sıra dəyişikliklərin edilməsi, bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin aparılması hökumətin gündəliyində duran məsələlərdəndir.

İqtisadçı ekspert Vüqar Bayramov məsələyə açıqlama verərək bildirib ki, burada söhbət daha çox gənclərin işlə təmin olunmasından gedir: «Əslində, bu, xüsusilə sahibklarlar və dövlət üçün cəlbedici mexanizmdir. Dövlət sahibkarları, gəncləri və digər bu kimi kateqoriyadan olan vətəndaşları  işə cəlb edən zaman əməkhaqqının 50 faizini özü ödəyir. Bu da nəticə etibarilə sahibkarları stimullaşdırır ki, onlar həmin şəxslərin işə cəlb edilməsində maraqlı olsunlar».

V.Bayramov qeyd edib ki, sistem yeni olduğu üçün hələ  formalaşma mərhələsindədir  və ona görə də ondan istifadə edənlərin sayında ciddi bir artım gözləmək düzgün deyil: «Yeni qaydaların təqdim və təbliğ edilməsinə ehtiyac var. Sahibkarların maarifləndirilməsi və təşviq edilməsi vacibdir. Digər tərəfdən isə sistemin təkmilləşdirilməsinə ehtiyac var. Güzəştli müddətin uzadılması daha məqsədəuyğun olardı. Burada xüsusən də iş yerlərinin sektorlar üzrə qruplaşdırılması və fərqli güzəştlərin təbliğ edilməsi zəruridir. Güman edirəm ki, həssas qrupları, o cümlədən gəncləri daha çox işə cəlb edən sahibkarlar üçün əlavə güzəştlərin tətbiq edilməsi və xüsusən onların güzəştli kreditlərə çıxış imkanlarının artırılması məqsədəuyğun olardı. Gələcəkdə bu sistemin təkmilləşdirilməsi sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlığın gücləndirilməsinə, gənclərin məşğulluğunun artmasına gətirib çıxaracaqdır».

Məcburi dövlət sosial sığortası məqsədləri üçün «Sosial sığorta haqqında» Qanunun 13-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.

Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün qeydiyyat nömrəsi hesab edilir.

İşsizlikdən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.

«İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azadolma müəyyən edilməyib.

Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.

İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulub.

Mənbə: report.az

Print Friendly, PDF & Email