İstehlakçı hüquqlarının pozulmasına görə sanksiyalar

posted in: Xəbər | 0
birbank biznes

Bu dəfəki yazımızda istehlakçı hüquqları-nın qorunması ilə əlaqədar başlıca məsələləri və pozuntu hallarına görə qanunvericiliklə müəyyən edilmiş sanksiyaları izah etməyə çalışacağıq.

İstehlakçı barədə verilən anlayışa görə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab edilir. Hər bir istehlakçının lazımi keyfiyyətdə mal (iş və ya xidmət) istehlak etmək hüququ var. Həmçinin istehlakçının hüququdur ki, lazımi keyfiyyəti olmayan, sağlamlığa zərər vuran malın (iş və ya xidmət) vurduğu zərərin ödənilməsini tələb etsin.

İstehsalçı (icraçı) isə malın (iş və ya xidmət) zəmanət müddətində, olmadığı halda isə müqavilədə göstərilmiş qaydada normal işini (istifadəsini, tətbiqini) təmin etməlidir. Tez xarab olan, sağlamlığa təhlükəli ərzağın, dərman, kosmetika, kimya və digər malın üzərində isə yararlılıq müddəti olmalıdır. Fərqli müqavilə müddəası yoxdursa, zəmanət müddəti mal istehlakçıya veriləndən, yararlılıq müddəti mal hazırlanan gündən sayılır. Zəmanət müddətində mal xarab olarsa, istehlakçı

– yenisi ilə dəyişməni tələb edə

– satış qiymətini azaltdıra

– qüsurun aradan qaldırılmasını tələb edə

– müqaviləni ləğv edə bilər.

 İstehlakçıya malın (iş, xidmət) keyfiyyətsizliyi ilə bağlı dəymiş maddi və mənəvi zərər mütləq ödənilməlidir.

Qanunvericilikdə istehlakçı hüquqları-nın pozulması ilə əlaqədar aşağıdakı sanksiyalar nəzərdə tutulur:

1) qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə

Fiziki şəxs 200-400, vəzifəli şəxs 1000-1500, hüquqi şəxs 2500-3000 ₼ həcmində cərimə edilir.

2) Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə

Fiziki şəxs 200-300, vəzifəli şəxs 350-450 ₼ cərimə edilir.

3) Malın keyfiyyəti, ölçü, çəki barədə istehlakçını az miqdarda (300 ₼-dək) aldatmağa, standartlara cavab verməyən malın buraxılmasına (iş görülməsi), nəzarətdən gizlədilməsinə, sertifikatlaşdırılmamasına, saxlama müddətinin pozulmasına, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxs 350-500, vəzifəli şəxs 1500-2000, hüquqi şəxs 4000-6000 ₼-dək cərimə edilir.

4) İstehlakçını maraqlandıran malın xüsusiyyətləri, qiyməti, saxlanma, istifadə qaydaları, əldə edilmş şərtləri və təminat öhdəlikləri barəsə məlumat verilməməsinə görə 200 ₼ cərimə nəzərdə tutulur.

5) mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300-3000 ₼) aldatmağa görə 3000-5000 ₼-dək cərimə, 360-480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulur.

6) külli miqdarda (3000 ₼-dan yuxarı) zərər vurmaqla aldatmağa görə 5000-7000 ₼-dək cərimə, 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 6 ayadək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

7) Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 10-15 min manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması, 2 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

8) Bu hal ehtiyatsızlıqdan ölümə və ya ağır nəticələrə gətirərsə, 3-7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Könüllü fəaliyyəti barədə bilmədiklərimiz


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email