İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya

posted in: Xəbər | 2
birbank biznes

Pensiya artımı,Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanuna edilən son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən bütün işəgötürən və işçiləri vacib bir məsələ – istifadə olunmamış məzuniyyət üçün ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması çox maraqlandırırdı. Məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən aşağıdakı şəkildə aydınlıq gətirilib: “Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir. Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.”

Bu cavab vergi ödəyiciləri arasında müəyyən anlaşılmazlıq və suallar doğurduğundan Vergilər Nazirliyi 18 mart 2109-cu il tarixdə məsələyə yenidən qayıdaraq, istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiyadan gəlir vergisinin hesablanması ilə bağlı təkrar açıqlama verdi və əvvəlki cavabı ilə müqayisədə vergi ödəyicilərini razı salan əsaslı dəyişiklik etdi: “Vergi Məcəlləsində edilmiş son dəyişikliklər qüvvəyə mindikdən sonra əvvəlki illərdə istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması ilə bağlı Vergilər Nazirliyinə çoxsaylı sorğular daxil olub. Nazirlik həmin ödənişlərin vergiyə cəlb edilməsi qaydalarına aydınlıq gətirib.

Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrıayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.”
Vergilər Nazirliyinin açıqlamasında müəyyənləşdirilən qaydanı misal üzərində nəzərdən keçirək ki, oxucularımıza daha aydın olsun.
Misal. Tutaq ki, dövlət orqanı hesab edilən qurumun işçisi Məmmədova Günelin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Qeyd edək ki, istifadə edilməmiş məzuniyyət üçün kompensasiyanın hesablanması qaydası ilə məzuniyyətin hesablanması qaydası eynidir. Məzuniyyətin hesablanması qaydasını əvvəlki misalda izah etdiyimizdən təkrar həmin məsələyə qayıtmırıq. Hesab edək ki, işçinin cari aya hesablanmış əmək haqqı 300 manat, kompensasiyası sonuncu başa çatmayan iş ili üzrə 120 manat, başa çatan iş ilinə görə isə 150 manatdır. Gəlir vergisinin hesablanması zamanı 300 manatlıq əmək haqqı, cari iş ilinə görə hesablanan kompensasiya ayrı, başa çatan il üzrə kompensasiya (150 manat) ayrı gəlir vergisinə cəlb olunmalıdır.

Fərz edək ki, eyni hal özəl təşkilatda baş verib. Bu zaman yenə də əmək haqqı, cari işin və əvvəlki iş ilin istifadə edilməyən məzuniyyətinə hesablana kompensasiyalar 8 000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb olunmur.

Sonda qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mənbə: fins.az


Bax:


Print Friendly, PDF & Email

2 Responses

  1. Anar
    |

    Salam.Məcburi məzuniyyət günlərinin sayı neçe gündü? Yəni işçi məzuniyyətə çıxmaq istəmir ilin sonu konpensasiya almaq istəyir şirkət və ya dövlət qurumu işçini məcburi neçə gün məzuniyyətə çıxartmalıdır ? Qanunvericiliklə bu məsələ necə həll olur

  2. Sənan Abdullayev
    |

    Salam
    Mən yerləşdirilən məqaləni oxudum.Bu mövzuya toxunduğunuz üçün də təşəkkür edirəm. Ayrıca onu da qeyd etməliyəm ki, məqalədə önəmli xətalar var. Zəhmət olmasa belə mövzuda yazı yazarkən diqqətli olasınız.