Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair yeni QAYDALAR

posted in: Xəbər | 0

kameralAzərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 08 may 2019-cu il tarixli 1917050000008600 nömrəli qərarı ilə Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar təsdiq edilmişdir. Qaydaların tam mətnini Sizə təqdim edirik.

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair 
Q A Y D A L A R
 1. Ümumi müddəalar

1.1. “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar” (bundan sonra – Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.2-ci bəndinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinin və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun  7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – Vergi Məcəlləsi) ilə müəyyən edilmiş vergilərin, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının (bundan sonra – sığorta haqları) vergi orqanı tərəfindən yerlərə getmədən hesablanması, habelə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan digər məlumatlar əsasında aparılan vergi yoxlamaları üzrə vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərini və bu proseslər üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra – AVİS) vasitəsilə həyata keçirilən prosedurları əks etdirir.

1.3.  Kameral vergi yoxlamaları Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

1.3.1. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamələr, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar, habelə bu Qaydaların 1.3.2-ci yarımbəndində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

1.3.2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra – dəqiqləşdirilmiş vergi bəyannaməsi), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir.

1.3.3. Kameral yoxlama aparmaq üçün təqdim olunmuş bəyannamə və ya hesabatlar ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən və ya sığortaedəndən əlavə məlumat, sənəd və izahat tələb edə bilər;

1.3.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən vergilərin və sığorta haqlarının hesablanmasına dair vergi orqanının qərarı göndərilir;

1.3.5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər;

1.3.6. Kameral yoxlama zamanı vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi və (ya) sığorta haqlarının məbləğinin az göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatları, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri  və sığorta haqlarını hesablamaq hüququ vardır;

Yazının ardına nəzər yetirmək üçün faylı yükləyin:  Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar (135 downloads)
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *