Kiçik və orta sahibkarlıq üçün vergi mexanizmi stimullaşdırılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyində Maliyyə və İqtisadiyyat Nazirliyinin nümayən­də­lə­rinin iştirakı ilə «Azərbaycan Res­pub­likasının milli iqtisadiyyatı­nın perspektivləri üzrə Strateji Yol Xə­ritəsi»nin Tədbirlər Planında nəzər­də tutulmuş səmərəli vergi sisteminin təşviqi sahəsində görülmüş işlər mü­za­kirə olunub.

Tədbirdə çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergilər Nazirliyində yaradılmış işçi qrupun 2017-ci il ərzində gördüyü işlər barədə məlumat verərək bildirib ki, nazirliyin icraçısı olduğu Tədbirlər Planında əsas istiqamətlər büdcə-fiskal siyasətin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın inkişafında stimullaşdırıcı vasitələrin tətbiqi, xarici investisiyalı müəssisələrin qeydiyyatının asanlaşdırılması, səmərəli vergi sisteminin təşviqi, xarici investisiyalı müəssisələrin qeydiyyatı  strategiyasının həyata keçirilməsi kimi məsələləri əhatə edir. Qeyd olunub ki, 2017-ci ildə Vergilər Nazirliyi tərəfindən «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin Tədbirlər Planının 1.5.2-ci yarımbəndində nəzərdə tutulmuş «Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması», həmçinin 1.5.3-cü yarımbəndinə aid «KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi» tədbirləri üzrə işçi qruplar yaradılıb və onların illik iş proqramı hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunub. KOS subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmləri təkmilləşdirilib, yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünüb.Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması tədbiri üzrə «KOS» kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün «iri, orta və kiçik sahibkar meyarları» nəzərə alınmaqla «KOS» abbreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə bağlı layihə hazırlanıb.

Tədbirlər Planında nəzərdə tutulmuş digər istiqamətlərə uyğun olaraq, KOS sahəsində operativ vergi nəzarəti tədbirlərinin, səyyar və kameral vergi yoxlamalarının yalnız risk meyarları əsasında aparılmasını təmin edən  mexanizmlər müəyyənləşdirilib.  Bundan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatının asanlaşdırılması, xarici investisiyalı müəssisələrin elektron qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi, yeni qeydiyyatdan keçən vergi ödəyicilərinin fəaliyyət istiqamətləri üzrə məlumatlandırma mexanizmlərinin işlənib hazırlanması üzrə layihələr də hökumətə təqdim olunub.

S.Musayeva bildirib ki, vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, vergi qanunvericiliyində müvafiq dəyişikliklər olunması, vahid ödəniş kartları üzrə aparılan əməliyyatlar barədə məlumatların vergi orqanı tərəfindən əldə edilməsi və vergitutma məqsədilə istifadə olunması, sabit qəbz alan ödəyicilərin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bildirilib ki,  2018-ci ildə azad rəqabət mühitinin inkişaf etdirilməsi, səmərəli vergi sisteminin təşviqi, KOS sahəsində stimullaşdırıcı vergi islahatları üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email