Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri

posted in: Xəbər | 0
birbank biznes

Kollektiv müqavilə nədir?

Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edildiyi kimi, kollektiv müqavilə – işəgötürən, həmkarlar ittifaqı təşkilatı (HİT) yaxud əmək kollektivi arasında əmək münasibətlərini nizama salmaq üçün bağlanan sənəddir.

Məcəlləyə görə kollektiv müqavilədə tərəflər işəgötürənlə həmkarlar ittifaqı təşkilatıdir (maddə 29). HİT olmadığı halda, ikinci tərəf kimi əmək kollektivi çıxış edir. Sənəd yazılı formada, 1-3 il müddətinə bağlanılır. Müqavilə imzalandığı, yaxud da sənəddə göstərilən gündən qüvvəyə minmiş hesab olunuraq bütün işçilərə aid edilir. Həmçinin, sonradan müəssisəyə yeni işçi qəbil olunarsa, ona da şamil olunur. Onun tərəflər arasındakı razılaşdırılan məzmunu əmək, sosial-iqtisadi, məişət və sair münasibətləri tənzimləyir.

Müqavilədə nəzərdə tutulan normalar işçilərin hüquqlarının təminatlarını artırmalı, sosial məişət şəraitinin yaxşılaşdırılmasını təmin etməlidir.

Kollektiv sazişin hansı növləri var?

Əmək münasibətlərinin tənzimlənməsində kollektiv sazişlərin də əhəmiyyəti böyükdür. Bu sənəd müəssisədən kənarda bağlanan, əhatə dairəsi daha geniş olan əməkdaşlıq aktıdır. Bəzi hallarda işcilərin hüquqlarının həlli zamanı elə məsələlər meydana çıxır ki, müəssisədən kənara çıxmaq tələb olunur. Bu zaman həmin məsələlər sazişlərə əsasən yerinə yetirilir.

Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri, işəgötürənlərin nümayəndəli orqanları arasında, işçilərin iş şəraitini yaxşılaşdırmaq, məşğulluğun təmini, digər sosial müdafiə tədbirlərini həyata keçirmək üçün bağlanan sənəddir.

Onun da məzmunu tərəflərin razılığına əsasən təyin olunur, 1-3 il müddətində bağlanılır. ƏM-də 35-ci maddəyə əsasən sazişin aşağıdakı növləri vardır:

  • baş saziş;
  • sahə sazişi;
  • ərazi sazişi.

Kollektiv müqavilə və sazişin hazırlanması

Azərbaycan Respublikasının ƏM-nin II bölməsi kollektiv müqavilə, saziş, onların bağlanması, məzmunu, icrası, digər məsələləri əhatə edir. AR “Həmkarlar İttifaqları haqqında 792 nömrəli qanunda müqavilələr, sazişlər, onların tərəfi kimi çıxış edən Hİ-nın hüquqları haqqında bir sıra müddəalar qeyd edilmişdir. Hər iki sənədin hazırlanması, bağlanması qaydaları AR qanunvericiliyi ƏM-nin 30, 37-ci maddələrinə əsasən tənzimlənir. Bu zaman həyata keçirilən tədbirlər aşağıdakı mərhələlərdən ibarətdir:

  • tələblərin müəyyən olunması, danışıqlar mərhələsi;
  • hazırlanmış layihənin müzakirəsi, imzalanaraq qüvvəyə minməsi;
  • müqavilə şərtlərinin həyata keçirilməsi.

Müqavilə, saziş işəgötürənlə Hİ təşkilatı arasında əmək münasibətlərinin müəyyənləşdirilməsinə xidmət edən, icrası məcburi olan sənəddir.

Müqavilənin, sazişin hazırlanması, bağlanması, yerinə yetirilməsinin əsas prinsipləri

ƏM-də 22-ci maddəyə görə kollektiv müqavilənin və sazişin hazırlanma, bağlanma, yerinə yetirilmə prinsipləri aşağıdakılardır:

  • Müqavilə, saziş üzrə müəyyən qərarlar qəbul edilərkən tərəflər bərabər hüquqlara malikdirlər. Həm işəgötürən, həm də Hİ təşkilatı qarşı-qarşıya müstəqil, bərabər tərəflər kimi oturmalı, kollektiv danışıqlar aparmalıdır, hər biri bərabər səsə malik olmalıdır.
  • Həmkarlar ittifaqı, eləcə də işəgötürən danışıq aparmaq, sərbəst tərəf olaraq müqavilə bağlayaraq onun məzmununu müəyyən etmək imkanına malikdir. Tərəflər heç bir təsir olmadan könüllü olaraq hər hansı bir öhdəliyi öz üzərinə götürə bilər.
  • Tərəflərin imkanı daxilində olmayan, obyektiv səbəbdən təmin edilə bilməyən tələblərin müqavilədə əks etdirilməsi yolverilməzdir. HİT işəgötürən haqqında, onun maliyyə vəziyyəti haqqında tam təsəvvürə malik olmalıdır. Bu prinsip müqavilə, sazişlərın daha effektiv fəaliyyəti üçün əlverişlidir.
  • Müqavilə və sazişlərdə qərarlaşdırılmış, əks olunmuş şərtlər sənəd imzalandıqdan sonra həmkarlar ittifaqı, həmçinin işəgötürən tərəfindən yerinə yetirilməlidir. Hər iki tərəf öhdəlik daşıyır. Öhdəliklərin icrası real şəkildə təmin edilməlidir.
  • Müqavilənin şərtləri ancaq qanunvericiliklə müəyyən olunan sosial təminatları yaxşılaşdıra bilər. Ona görə də həmin sənədlər bağlanarkən razılaşdırılan hüquq, imtiyazlar qanunvericiliyin tələblərinə zidd olmamalıdır.
  • Müqavilənin, sazişlərin icrasına nəzarət tərəflər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  Həmin sənədlərdə nəzərdə tutulan şərtlər  bütün iştirakçılar tərəfindən yerinə yetirilməlidir. Qanunvericilikdə öhdəliklərin icrasından imtina üçün maddi məsuliyyət müəyyən olunmuşdur.

Müqavilənin, sazişin bağlanması, dəyişiklik edilməsi, icrası zamanı onlara hər hansı bir müdaxilə yolverilməzdir. Həmin sənədlərə dəyişikliklər yalnız tərəflərin razılığına əsasən, qanunvericiliyə uyğun aparılmalıdır.


Print Friendly, PDF & Email