İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Hüquqi şəxs kommersiya fəaliyyətini həyata keçirmək məqsədilə fiziki şəxsdən icarəyə əmlak götürür. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xərcləri icarəyə götürən (hüquqi şəxs) ödəməlidir. Bütün kommunal müəssisələrdə kod fiziki şəxsin adına olduğuna görə onlar göstərilən xidmətlərə görə elektron qaimə faktura təqdim etmirlər. Belə olan halda hüquqi şəxs (icarəyə götürən) həmin xərcləri gəlirdən çıxılan xərclərə aid edə bilər?

Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Müvafiq Məcəllənin 176.4-cü maddəsinə əsasən ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin digər bir 109.8-ci maddəsində qeyd edilir ki, nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, sorğunuzda qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, icarəçi bağlanılmış icarə müqaviləsini əsas götürməklə sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə etdiyi əmlakın sahibinin adına müvafiq kommunal müəssisələrin təqdim etdikləri xərclərin dövrlər üzrə bölgüsünün də əks olunduğu sənədlər əsasında, ödədiyi kommunal xərcləri gəlirindən çıxa bilər.

Mənbə: taxes.gov.az


Bax:


Print Friendly, PDF & Email