fbpx

Könüllülər vergi ödəyicilərinə xidmət göstərəcəklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi “ASAN könüllüləri” ilə birgə yeni layihəyə start verib. Yaxın vaxtlarda könüllü gənclər vergi ödəyicilərinə xidmət mərkəzlərində fəaliyyətə başlayacaqlar. 

Bununla bağlı Binəqədi rayonunda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində könüllü gənclərlə nazirliyin rəhbər şəxslərinin görüşü keçirilib.

Bildirilib ki, “ASAN xidmət” mərkəzlərində yaradılan könüllülük ənənəsinin digər dövlət orqanlarında da tətbiqi çərçivəsində Vergilər Nazirliyi həmin gənclərin potensialından öz strukturlarında istifadə edəcək. Layihənin daha bir məqsədi budur ki, gənc kadrlar vergi orqanlarında təcrübə yığsınlar və gələcəkdə vergi orqanlarında işləmək arzularını reallaşdıra bilsinlər.

“ASAN könüllüləri” vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, ödəyicilərə göstərilən xidmətlər barədə onlara məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və xidmət müddətində onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzlərdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. Könüllülərin xidmət mərkəzlərindəki işinin qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Layihə uğurlu alınarsa, gələcəkdə digər sahələrdə də könüllülərin gücündən istifadə edilə bilər.

Hazırda ölkə üzrə 50-dən çox vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir və onlardan 4-ü paytaxtda yerləşir. Bakı şəhərində fəaliyyət göstərən mərkəzlərdə könüllü kimi çalışmaq üçün ilkin mərhələdə 30 nəfər gənc seçilib.

Print Friendly, PDF & Email
error: Content is protected !!