Kreditlə satış zamanı ƏDV

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Kreditlə satış zamanı mülkiyyət hüququ

Bəzi vergi ödəyiciləri mallarını kreditlə (nisyə) satırlar, yəni mallar təqdim edilir, lakin onun pulu alıcı tərəfindən hissə-hissə ödənilir. Bəs ƏDV kreditlə satış zamanı necə hesablanır?

Kreditlə satış zamanı ƏDV hesablanması üçün iki halı nəzərdən keçirmək olar. Təqdim edilmiş mallarının dəyərinin müəyyən müddətdən sonra alıcı tərəfindən ödənilməsi:

  1. Alqı-satqı müqaviləsində nəzərdə tutulduqda müqaviləyə uyğun müddətdə;
  2. Əks halda Mülki Məcəllənin 427-ci maddəsinə uyğun həyata keçirilir.

Adətən müəssisələr nisyə qaydada, kreditlə satışları əhaliyə pərakəndə ticarət prosesində edirlər. Kreditlə satışlarda ödəmə ardıcıllığı, bitmə müddəti qeyd edilir. Məsələn, tutaq ki, siz məişət avadanlıqları satan mağaza işlədirsiniz. Burada diqqət edilməli məqam malların kreditlə satışı zamanı mülkiyyət hüququnun kimdə qalmasıdır:

  • mallar üzərində mülkiyyət hüququ dərhal alıcıya keçir, ödənişlər isə hissə-hissə razılaşdırılmış dövrlərdə həyata keçirilir.
  • mallar üzərində mülkiyyət hüququ satıcıda qalır, sahiblik və istifadə hüququ alıcıya keçir.

Bu şərtlər alqı-satqı müqaviləsində nəzərə alınır. ƏDV kreditlə satış zamanı müqavilə şərtləri nəzərə almaqla həyata keçirilir. Bir qayda olaraq, əhali ilə alqı-satqıda mülkiyyət hüququ da alıcıya keçir.

Kreditlə satış zamanı ƏDV hesablanması

Kreditlə satış əhali ilə deyil, vergi ödəyicisilə aparıldıqda diqqət edilməli məqam, elektron qaimə fakturanın göndərilməsi vaxtıdır.

Mülkiyyət hüququ alıcıya keçmirsə, elektron qaimə faktura əməliyyatın əvvəlində təqdim edilməli deyil.

Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən:

“Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.”

Belə olduqda elektron qaimə faktura razılaşma üzrə mülkiyyət hüququ keçdikdə təqdim edilir. Adətən bu, ödənişlərin tam bitdiyi gündür.

Nümunə 1: “Alfa mobile” MMC mülkiyyətində olan telefonu 2020-ci ilin iyul ayında vətəndaşa 1.000 manata kredit şərti ilə satmışdır və müqavilədə mülkiyyət hüququnun müqavilə bağlandığı andan dərhal vətəndaşa keçdiyi göstərilib, alıcıya aylıq ödəniş cədvəli təqdim edilib.

Alıcı hər ay bərabər miqdarda ödəniş etmək üçün mağazaya yaxınlaşır. O, vergi ödəyicisi olmadığı üçün mülkiyyət hüququ dərhal ona keçir, amma elektron qaimə faktura tərtib etməyə lüzum yoxdur. Kassa çekinə nisyə satış vurulmalı və vergi ödəyicisi mağaza mühasibat uçotunda pərakəndə satış əməliyyatının qeydiyyatını aparmalıdır.

Mallara kreditlə satış zamanı ƏDV azadolmaları tətbiq edilmirsə, hissələrlə ödənişin miqdarına mütənasib olaraq əlavə dəyər vergisi hesablanır və qarşı tərəfdən tutulur. Məsələn, ƏDV ödəyici olan telefon dükanından mobil telefon alan zaman alıcı, hər dəfə ödəniş etdikdə ona ƏDV məbləği hesablanır. Həmin məbləğ ƏDV daxil kassaya vurulur və alıcıya qəbz təqdim edilir. Adətən, bu cür telefon satışlarında mülkiyyət hüququ dərhal alıcıya keçdiyindən, satıcı mağaza elə həmin ayın ƏDV bəyannaməsində “təqdim edilmiş sütununda” satdığı telefonun dəyərini qeyd etməli, eyni zamanda “Debitor borclar” bölməsində müvafiq debitor borcu yaratmalı, 166.1-ci maddəyə uyğun olaraq hər dəfə malın dəyərini hissə-hissə aldıqca, “Daxil olmuşdur” sütununda ödənilmiş məbləği əks etdirib vergini dövlətə ödəməlidir.

Kreditlı satış zamanı ƏDV öhdəliyinin tanınması VM-nin 16.1.11-6, 71-1, 166.1 maddələri əsasında tanınır.


Print Friendly, PDF & Email