Latviya və Estoniya offşor zonaların siyahısına salınıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İndi dünyada gedən biznes proseslərinin diqqət mərkəzində olan aktual mövzulardan biri də offşor zonalarla bağlıdır: şirkətlərə böyük vergi güzəştləri verən offşorlar dünyanın “vergi cənnətləri” hesab edilir. Təbii ki, vergi qaçaqçılığının qarşısının alınması üçün offşorlarla bağlı dünya miqyasında ciddi tədbirlər görülür, offşor zonalarda qeydiyyata alınmış şirkətlərə nəzarət durmadan artırılır.

Ancaq bu prosesdə bəzən təəccüb doğuran hadisələrə də rast gəlmək olur. Məsələn, Ukrayna hökumətinin keçən ilin sonunda qəbul etdiyi qərara əsasən, offşor zonaların siyahısına 22 ölkənin adı salınmışdır. Burada təəccüb doğuran fakt isə budur ki, hökumət tərəfindən imzalanmış həmin rəsmi sənədə əsasən, Estoniya və Latviya da rəsmi şəkildə offşor zonalar hesab edilir. Ekspertlər isə bu qərarın mənfi cəhətini onda görürlər ki, mallar, xidmətlər və işlər bundan sonra dövriyyədən 30 faizlik vergiyə cəlb olunacaq və belə bir şəraitdə müəssisələr, banklar və digər maliyyə qurumları ilə münasibətlər sərtləşdiriləcək. İndiki halda offşor anlayışı özlüyündə fəaliyyətin müxtəlif sahələri üzərində nəzarətin ciddiləşdirilməsini nəzərdə tutur.

Estoniyanın Ukraynadakı səfiri Gert Antsunun sözlərinə əsasən, bu cür halın yaranmasının başlıca səbəbi mənfəət vergisinin dərəcəsi ilə bağlıdır. Ukraynada bu vergi müəssisələr üçün sıfır dərəcə ilə qəbul edilmişdir. Estoniayada isə mənfəət vergiyə cəlb edilir. Hətta dividentlər çıxıldıqdan sonra da vergini ödəməkdən yayınmaq mümkün deyil. Ona görə də Estoniyanın bu siyahıya salınmasında yanlışlıq var. Səfirin sözlərinə görə, bu qərar öz məhsullarını Ukraynaya ixrax edən müəssisə və təşkilatların hamısına aiddir. Keçən il bu cür şirkətlərin siyahısına 402 müəssisə daxil edilmişdir.

Estoniyalı sahibkarlar Toomas Xirve və Andres Lumi hökumətin qərarına münasibət bildirərək qeyd etmişlər ki, belə bir addımın atılmasına Estoniyada elektron rezidentlik haqqında qanunun qəbul edilməsi səbəb ola bilər. Hazırda Ukraynadan olan 1642 elektron rezident Estoniyada qeydiyyata alınmışdır. Bu isə rezidentlərin ümumi sayının 5,8 faizi qədərdir. Bu vəziyyət Ukrayna şirkətlərinə Avropa İttifaqının bazarlarına daxil olmaq üçün şərait yaradır. Bundan əlavə, onlar öz pullarını Estoniyaya göndərə bilirlər, çünki həmin vəsaitlər Ukraynada vergiyə cəlb edilir. Andres Lumi onu da qeyd etmişdir ki, belə bir vəziyyətin yaranması onu deməyə əsas verir ki, Ukrayna vətəndaşları pullarını saxlamaq üçün öz ölkələri ilə müqayisədə Estoniyaya daha çox etibar edirlər.

Estoniyalı iş adamları səfirlə də görüşmüşlər. Onlara bildirilmişdir ki, Estoniya tərəfi hazırda problemin həlli üçün əlindən gələni edir. Həmin siyahıya Latviyanın da adı salındığına görə, problemin aradan qaldırılması istiqamətində işlər bu iki ölkə arasında koordinasiyalı şəkildə aparılmalıdır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email