Latviyada saxta şirkətlərin fəaliyyəti qadağan ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Latviyanın Baş naziri, Maliyyə Sektorunun İnkişafı Şurasının sədri Maris Kuçiniskis  ölkədə saxta şirkətlərin fəaliyyətinə qadağa qoyan qərarı dəstəklədiyini bəyan etmişdir. Onun açıqlamasına əsasən, bu məsələyə   hökumət  aprelin 3-də, Latviya Seymi isə aprelin 8-də baxacaq.

Gözlənildiyinə görə, qarşıdakı altı ay ərzində banklar mənşəyi məlum olmayan şirkətlərlə işgüzar münasibətlərini tam dayandırmalıdırlar. Bu cür şirkətlərdən müxtəlif qanunsuz maliyyə əməliyyatlarında, eləcə də çirkli pulların yuyulmasında istifadə edilir.  Onlar offşor hesablardan və digər fırıldaq mexanizmlərindən də yararlanırlar.

Maliyyə naziri xanım Dana Reyzniyetse-Ozola qeyd etmişdir ki, nəzərdə tutulan qadağanın əsas məqsədi ölkənin maliyyə sektorunda sabitliyin, etibarlılığın və uzunmüddətliliyin təmin edilməsidir. Maliyyə sektoru risklər yaratmaq əvəzinə, iqtisadiyyatın inkişafına kömək etməlidir. Onun sözlərinə görə, bu sahədə tədbirlər planı hazırlanarkən Maliyyə Nazirliyindən, Banklar Assosiasiyasından  və digər aidiyyəti qurumlardan alınmış rəy və təkliflər nəzərdən keçirilmişdir. Tədbirlər planında ölkənin bank sisteminin nizama salınmasına xüsusi diqqət yetirilmişdir.

Maliyyə və Kapital Bazarı Komissiyasının sədri Peters Putninşin açıqlamasında isə qeyd edilmişdir ki, banklara öz gələcək fəaliyyətlərinin strateji planlarını hazırlamaq üçün on gün vaxt verilmişdir.  Bu müddət ərzində banklar saxta şirkətlərə xidmət göstərməkdən imtina etməklə üzləşəcəkləri ziyanın əvəzini nə ilə dolduracaqları ilə bağlı da məlumat verməlidirlər. Komissiyanın məlumatına əsasən, Latviya banklarının müştəriləri arasında iyirmi mindən artıq saxta şirkət vardır ki, onların da üçdə ikisi ölkə ərazisində qeydiyyata alınmışdır.  Həmin şirkətlərin Latviyanın bank təşkilatlarının kredit dövriyyəsindəki xüsusi çəkisi 36,57 faiz təşkil edir. Xarici müştərilərin isə 44,5 faizi bu bankların payına düşür.

Hökumət bankların gələcək fəlaiyyəti ilə bağlı öz mövqeyini açıqlayandan sonra Latviyanın nüfuzlu «Rietmumu» bankı offşor qurumların açdıqları hesablarla əlaqələrin dayandırılması barədə məlumat yaymışdır. Bank öz mövqeyini elə əsaslandırmışdır ki, «yeknəsək risk yaradan» müştərilərlə əməkdaşlıqdan imtina etmək qərara alınmışdır.

Mətbuatın yazdığına görə, artıq offşor şirkətlərin hesabları bağlanmışdır. Bu hesablara giriş əldə etmək üçün offşor şirkətin benefisiarlarını açıqlamaq və onların pul vəsaitlərinin haradan gəldiyi barədə məlumat vermək lazımdır. Şərtlərdən biri də işgüzar tərəfdaşlar, həmçinin onlarla tanışlığın şərtləri barədə məlumatın verilməsidir. Ekspertlər hesab edirlər ki, bu addımın atılması sayəsində offşor yurisdiksiyaları mənasını itirərək lazımsız bir şeyə çevriləcək.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email