Məzuniyyətlərin rəsmiləşdirilməsi və uçotu

posted in: Xəbər | 0
birbank biznes

İşçinin məzuniyyət hüququ

İstirahət hüququnun  ən mühüm hissəsi olan məzuniyyətlər, işçinin iş günləri müddətində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Bu müddət ərzində vəzifəsindən asılı olmayaraq onların yeri və vəzifəsi saxlanılır. Təyinatına görə məzuniyətin bir neçə növü var, onlardan ən çox istifadə ediləni əmək məzuniyyətidir. İşçiyə hər iş ili üçün əmək məzuniyyətinin verilməsi təmin edilməli və onun müddəti 21 təqvim günündən az olmamalıdır. Işəgötürəndə belə suallar yarana bilər:

  1. Məzuniyyətlərin verilməsi necə rəsmiləşdirilir?
  2. İşəgötürən məzuniyyətlərin uçotunu necə aparır?

Məzuniyyətlərin rəsmiləşdirilməsi

İlk olaraq onu qeyd edək ki, işçi işə başladığı andan onun əmək məzuniyyəti hüququ yaranır. Lakin Əmək Məcəlləsinin 131-ci maddəsinə görə bu hüquqdan ilk iş ilində 6 aydan sonra istifadə edilə bilər. Əmək məzuniyyətinin verilmə qaydaları burada şərh edilib.

İstənilən növ məzuniyyətlərin rəsmiləşdirilməsi və uçotunun aparılması zamanı xüsusi tələblərə əməl edilməlidir (ƏM maddə 138).

İşəgötürən normal iş prosesinin təmin edilməsi, kadr kargüzarlığının düzgün aparılmasını təmin etmək üçün növbəlilik cədvəli tərtib edə bilər. Özündə məzuniyyətlərin verilmə növbəsini əks etdirən cədvəl:

  • həmkarlar təşkilatının yaxud işçinin rəyi əsasında hazırlanır;
  • hər il yanvarın sonunadək işəgötürən tərəfindən təsdiq edilir.

Bu zaman nəzərə almaq lazımdır ki, müəyyən kateqoriya işçilərə məzuniyyət onlar üçün əlverişli vaxtda verilə bilər. Həmin şəxslər haqqında daha ətraflı buraya keçid edərək oxuya bilərsiniz.

İşçinin ərizəsi

Bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsinin ilkin mərhələsi işçi tərəfindən təqdim edilən ərizədir. Onun xüsusi forması Əmək Məcəlləsi və ya başqa qanunlarla tənzimlənməyib, amma məzuniyyətin növü, müddəti ərizədə qeyd edilməlidir. Ərizə ilə müraciət etmiş işçinin qanunvericiliyə uyğun olaraq məzuniyyətdən istifadəsi  işəgötürən tərəfindən təmin edilməlidir. Əgər işçilərin məzuniyyət hüquqlarının pozulması halı baş verərsə, işəgötürən məsuliyyətə cəlb olunaraq 1500-2000 manat məbləğində cərimə edilə bilər (İnzibati Xətalar Məcəlləsi, maddə 192.5).

İşəgötürənin əmri

Məzuniyyətlərin rəsmiləşdirilməsi ərizə təqdim edildikdən sonra işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında həyata keçirilir. Əmrin məzuniyyətin başlamasından  beş gün qabaq verilməsi tələb olunur. İşçi verilən əmrlə tanış olmalı, ona əmək məzuniyyəti müddətində qanunvericiliyə uyğun hesablanmış əmək haqqı (“məzuniyyət pulu”) təyin edilməlidir. Ödəniş məzuniyyətin başlamasından ən azı 3 gün əvvəl təmin edilir. Məzuniyyətlərin verilməsi barədə əmrdə işçilərə həm fərdi qaydada, həm də qrup halında məzuniyyətlər müəyyən  edilə bilər.  Əmrdə aşağıdakı məlumatlar əksini tapır (ƏM maddə 138):

  • işçinin adı, soyadı, atasının adı;
  • işçinin vəzifəsi;
  • məzuniyyətin növü, müddəti;
  • məzuniyyətin verildiyi müvafiq iş ili;
  • məzuniyyətin başladığı və bitdiyi tarix;
  • məzuniyyətdən sonra işə başlama tarixi.

Məzuniyyətlərin uçotunun aparılması

Əmək məzuniyyətlərinin düzgün rəsmiləşdirilməsi üçün işəgötürən tərəfindən onun uçotunun dürüst, zamanında icra edilməsi zəruridir (ƏM maddə 138.3). Belə uçotun işçilərin iş illəri üzrə aparılması tələbi əmək məzuniyyətlərinin düzgün qaydada verilməsi üçün mühüm şərtdir. Həmçinin, müəssisələrdə növbəlilik cədvəllərinin tərtib edilməsi, əmək məzuniyyətinin uçotunun düzgün təşkilində böyük əhəmiyyət kəsb edir.

Eynilə, uçot aparılan zaman da bəzi xüsusiyyətlər qeyd edilməlidir:

  • işçinin iş illəri;
  • məzuniyyətin növü, məzuniyyət müddəti;
  • məzuniyyətlərin verilmə tarixi;
  • işəgötürənin əmrinin nömrəsi, tarixi.

Məzuniyyətlərin rəsmiləşdirilməsi və uçotu müəssisələrdə, bir qayda olaraq, kadrlar şöbəsində kağız yaxud elektron daşıyıcılarda aparılır. İqtisadi imkanlara malik olan müəssisələrdə kadr uçotunun, o cümlədən məzuniyyətlərin uçotunun aparılmasına kompüter proqramları tətbiq edilə bilər.


Genity - İdeyaları texnoloji həllərə çeviririk

 

Print Friendly, PDF & Email