Mənfəət vergisinin ödəyiciləri olan hüquqi şəxslərin vergi öhdəlikləri

posted in: Uncategorized | 0

Mənfəət vergisinin ödəyicisi kimi vergi uçotuna alınan hüquqi şəxs hesabat ili ərzində əldə etdiyi mənfəətdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisini hesablamalıdır.
Hesablanmış verginin məbləği “Mənfəət vergisinin bəyannaməsi” ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.


Mənfəət vergisinin ödəyicisi olan şəxs hesabat ili ərzində rübdə bir dəfə olaraq Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada mənfəət vergisi üzrə hesablanmış cari vergi ödənişinin məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı etməlidir.
Bundan başqa, balansında əmlakı olan mənfəət vergisinin ödəyicisi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Əmlak vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməlidir.


Vergi ödəyicisi hesabat ili ərzində rübdə bir dəfə olaraq Vergi Məcəlləsinin 201-ci maddəsində qeyd olunan qaydada əmlak vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə büdcə ilə bəyannamənin təqdim olunmasınadək son haqq-hesabı aparmalıdır.


Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.
Nəzərə çatdıraq ki, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat artıq ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı həyata keçirən vergi ödəyicisi əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.


Bundan başqa mənfəət vergisinin ödəyicisinin vergitutma obyekti olduqda digər vergi öhdəlikləri də ola bilər:
torpaq vergisi üzrə – vergi ödəyicisi mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı torpaqların sahəsinə 0,06 manat vergi dərəcəsini və torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla Nazirlər Kabinetinin 29 dekabr  2000-ci  il  tarixli  230 nömrəli Qərarı müəyyən edilən şərti balları, kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat, sair torpaqların sahəsinə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanan vergi məbləğini cari ilin may ayının 15-dən gec olmayaraq «Torpaq vergisi bəyannaməsi» ilə bəyan edərək bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödəməlidir.


Yol vergisi üzrə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı  maye qaz yol vergisinin  vergitutma obyektidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablamalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə  həmin müddətdən gec olmayaraq vergini dövlət büdcəsinə ödəməlidirlər.


Mədən vergisi üzrə – yerin təkindən çıxarılan faydalı qazıntıların topdansatış qiymətlərinə və ya həcminə Vergi Məcəlləsinin 216-cı maddəsində göstərilən dərəcələrin tətbiqi yolu ilə hesablanan vergi məbləği hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq «Mədən vergisinin bəyannaməsi» ilə faydalı qazıntının növünə uyğun olaraq vergi və ya bələdiyyə orqanına bəyan edilərək dövlət və ya bələdiyyə büdcəsinə ödənilməlidir;


Aksiz vergisi üzrə – Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan şəxs aksizli malların növündən və əməliyyatın xarakterindən asılı olaraq Vergi Məcəlləsinin XII fəslinin və Nazirlər Kabinetinin Qərarlarının (19 yanvar 2001-ci il tarixli 20 nömrəli, 6 yanvar 2007-ci il tarixli 1 nömrəli, 29 may 2007-ci il tarixli 85 nömrəli) müddəalarına uyğun olaraq hesablanan vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq «Aksiz bəyannaməsi» ilə vergi orqanına bəyan etməli və həmin müddətdən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir;
ödəmə mənbəyində muzdlu işlə əlaqədar alınan gəlirdən tutulan vergi üzrə – işəgötürən şəxs muzdla işləyən işçinin aylıq gəlirindən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən dərəcələrlə hesablanan gəlir vergisini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməli, ƏDV ödəyicisi olmadıqda hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə vergi orqanına bəyan etməlidir;
ƏDV məqsədləri üçün qeydiyyata alınmış hüquqi şəxs tərəfindən isə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilməlidir;


Ödəmə mənbəyində digər gəlirlərdən tutulan vergi üzrə – ödəyici tərəfindən Vergi Məcəlləsinin 150-ci maddəsində nəzərdə tutulan hallarda (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla) ödəmə mənbəyində vergi tutulmalı olan gəlirdən müvafiq dərəcələrlə tutulan vergi məbləği hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə vergi orqanına bəyan edilərək həmin müddətdən gec olmayaraq büdcəyə ödənilməlidir. Yalnız vaxtından əvvəl xitam verilmiş sığorta müqaviləsi üzrə ödənilən sığorta haqlarından ödəmə mənbəyində vergi tutmalı olan sığortaçılar bəyannaməni rübün nəticələrinə görə təqdim edərək tutulmuş verginin məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq büdcəyə köçürməlidirlər.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *