İşçilərin məzuniyyət hüququ üzrə hüquqi təminatlar

posted in: Xəbər | 0
birbank biznes

İşçilərin məzuniyyət hüququ nə zaman yaranır?

İşçinin işlədiyi yeri, vəzifəsini saxlamaq şərti ilə iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. Vətəndaşların məzuniyyət hüququ barədə burada ətraflı bəhs edilir. İşçilərin məzuniyyətinin təmini Əmək Məcəlləsinin əsas tələblərindəndir, bu, Məcəllənin 16-cı fəsli ilə tənzimlənir.

İşçinin məzuniyyət hüququ ilk iş ilinə görə fərqlənir. Əgər işçi 1-ci iş ilindədirsə, ƏM-nin 131-ci maddəsi üzrə 6 ay müddət keçəndən sonra məzuniyyət hüququndan istifadə edə bilər. Lakin növbəti ildə məzuniyyət hüququ ikinci iş ili başladığı gün yaranır.  

Nümunə 1: Hüseynova Xalidə 13 may 2021-ci ildə “A” MMC-də dərzi vəzifəsinə qəbul olur. Xalidə avqust ayı məzuniyyətindən istifadə etmək üçün işəgötürənə müraciət edir. İşəgötürən ƏM-nin 131-ci maddəsini əsas götürməklə işçiyə məzuniyyəti yalnız 13.11.2021-ci il tarixindən verə biləcəyini bildirməlidir.

İşçinin iş  ili təqvim ilindən fərqlənir, yəni məzuniyyət verilərkən təqvim ilinə deyil, müvafiq iş ilinə diqqət etmək lazımdır.

İş ili – işçinin işə qəbul olub işə başladığı gündən növbəti ilin həmin gününə qədər olan müddətdir. Təqvim ili isə yanvarın 1-i başlayaraq dekabrın 31-i bitir.

Növbəti illər üçün məzuniyyətin vaxtı işçi ilə işəgötürən arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyənləşir.

Belə bir sual yaranır: bütün işçilər ilk məzuniyyət hüququndan istifadə üçün 6 ay gözləməlidirmi? ƏM-nin 131.4-cü maddəsinə əsasən bəzi kateqoriyadan olan işçilərə məzuniyyətin təyini zamanı işin ilk ilində müqavilənin bağlanma vaxtı nəzərə alınmır. Həmin işçilər bunlardır:

  • qadınlara hamiləliklə əlaqəli verilən sosial məzuniyyətdən əvvəl, ya da sonra;
  • 18 yaşı tamam olmayan işçilər;
  • hərbi xidmətdən buraxıldıqdan sonra 3 ay müddətində işə başlayan işçilər;
  • hərbi qulluqçuların həyat yoldaşları;
  • təhsil alan şəxslər – imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
  • əlillər.

Məzuniyyət hüququndan istifadə edən işçilərin hüquqi təminatları

ƏM-də 111-ci maddəyə əsasən məzuniyyətdə olduğu müddətdə:

  • işçinin fəaliyyət yeri, vəzifəsi saxlanır;
  • onunla bağlanmış əmək müqaviləsinin pozulması yolverilməzdir;
  • işəgötürən onu intizam məsuliyyətinə cəlb edə bilməz.

Məzuniyyət müddəti işçinin əmək stajına daxil edilir.

Məzuniyyət növlərindən ən çox istifadə olunanı əmək məzuniyyətidir. Qanunvericiliyə əsasən  işçinin əmək müqaviləsi bağlayaraq işə başladığı gündən məzuniyyət hüququ yaranır. Bu hüquqdan istifadə isə, qeyd etdiyimiz kimi, qanunla müəyyən olunan müddətdən sonra mümkündür.

    • Tutduğu vəzifədən asılı olmayaraq məzuniyyətdə olan işçilərin işlədiyi yerin, vəzifəsi ilə yanaşı, ona ödənilən əməkhaqqı da saxlanmalıdır. Bu şərtlər işçinin mühüm hüquqi təminatıdır.
  • İşəgötürən tərəfindən əmək müqaviləsinə xitamın mümkünsüzlüyü, özündə işçinin məzuniyyət dövründə başqa işə, vəzifəyə keçirilməsinin yolverilməzliyini də ehtiva edir.
  • İşçilərin ƏM-nə əsasən tənzimlənən məzuniyyət hüququnun, ondan istifadə qaydalarının məhdudlaşdırılması qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə məzuniyyətin hesablanması zamanı qanun pozuntusuna yol verildikdə vəzifəli şəxslər 700 -1300 manat aralığında cərimələnir. Lakin nöqsan riyazi hesablama zamanı baş verərsə, istisna hal kimi dəyərləndirilir.

Eləcə də, həmin Məcəllənin 192.5-ci maddəsinə görə məzuniyyət hüququ pozulubsa, yaxud istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməyibsə, işəgötürən məsuliyyətə cəlb olunaraq 1500-2000 manat məbləğində cərimə edilə bilər.

İşçi ilə işəgötürən arasında qarşılıqlı razılaşmaya görə əmək müqaviləsində, yaxud kollektiv müqavilələrdə məzuniyyət hüququndan istifadə üzrə əlavə təminatlar nəzərdə tutula bilər.


Print Friendly, PDF & Email