Məzuniyyətlərin verilməməsi və başqa vaxta keçirilməsi üzrə qadağalar

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyətləri haqqında ümumi məlumat

İstirahət hüququnun təmin edilməsi, iş qabiliyyətini möhkəmləndirməsi, eləcə də sağlamlığını mühafizə etmək məqsədilə müəyyən vaxt aralığında işçiyə məzuniyyətlər verilir. Onun verilməsi zamanı tətbiq edilən hüquqi normalar Əmək Məcəlləsi ilə tənzimlənir. Məzuniyyətlərin növləri ilə buraya keçid etməklə ətraflı tanış olmaq olar. Əmək məzuniyyəti təcrübədə ən çox istifadə olunur, əsas və əlavə hissələrdən ibarətdir. İşçinin hər iş ili üzrə bir dəfədən az olmayaraq ondan istifadə hüququ var. Bu hüququnun pozulması, məzuniyyətin verilməməsi üzrə qadağalar qanunvericiliklə, o cümlədən İnzibati Xətalar Məcəlləsinə əsasən tənzimlənir.

Məzuniyyətin verilməməsi üzrə qadağalar

İşçinin məzuniyyət hüququ müqavilə bağlayaraq işə başladığı gündən yaranmış hesab olunur. Tutduğu vəzifədən asılı olmayaraq işçilərin məzuniyyət müddətində:

  • iş yeri;
  • vəzifəsi;
  • əməkhaqları saxlanılır.

Bu şərtlər onların qanunvericiliklə müəyyən olunmuş mühüm təminatlarıdır. ƏM-in 110-cu maddəsinə görə işçilərin məzuniyyətlə təmini, yaxud məzuniyyətdən istifadəsi məhdudlaşdırıla bilməz.

Əmək məzuniyyətinin verilməməsi üzrə qadağalar Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən işəgötürənin işçiyə məzuniyyətləri verməməsi qadağan edilir. İşçinin müvafiq iş ilində istənilən səbəbdən məzuniyyətdən istifadəsi mümkün olmaya bilər. Bu halda işçiyə uyğun qaydada kompensasiya ödənişi zəruridir. Amma, nəzərə almaq lazımdır ki:

  • ƏM-də 135.2 maddədə “istənilən səbəbdən istifadə edilmədikdə” deyildikdə işəgötürənin deyil, işçinin iradəsi başa düşülməlidir;
  • İşçinin məzuniyyətdən istifadə etməməsi halı əsaslı sənədlərlə təsdiq edilməli və rəsmiləşdirilməlidir.

Məzuniyyətin verilməməsi üzrə qadağalar haqqında qısaca danışdıq, bəs istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyalarının verilməsi necə nizamlanır? Bəzi halları nəzərdən keçirək:

a) əgər işçi əmək məzuniyyətinin növbəlilik cədvəlində müəyyən edilmiş vaxtda verilməsini istəyərsə, işəgötürənin bundan imtina edərək, onun məzuniyyətini pul ilə kompensasiya etmək hüququ yoxdur. Hər iki tərəfin qarşılıqlı razılığına əsasən məzuniyyətin başqa ilə keçirilməsi mümkündür. Bu halda da işçiyə, onun razılığı olmadan pul kompensasiyası ödənilə bilməz.

b) işçi məzuniyyətinin 21 təqvim günündən istifadə edərək, yerdə qalan hissəsini pulla əvəzlənməsini tələb edə bilər.

c) bəzi müəssisələrdə işçilər qrup halında məzuniyyətə buraxıla bilər. Bu zaman həmin işçilərin məzuniyyətdən istifadə etməmək, yaxud da onun pulla əvəzlənməsini tələb etmək hüquqları yoxdur. Belə işçilərə təhsil sahəsində çalışan pedaqoji işçiləri misal göstərmək olar.

Əmək məzuniyyəti verilərkən işçinin işlədiyi aylar üzrə aldığı əməkhaqqısına əsasən orta əməkhaqqı hesablanır. ƏM-nin 140-cı maddəsi məzuniyyətə görə verilən əməkhaqqının hesablanma və ödənməsi qaydalarını şərh edir. Həmin qaydalar haqında buradan da məlumat almaq olar.

Məcəllədə məzuniyyətin verilməməsi üzrə qadağalarla yanaşı, onun keçirilməsi hallarına məhdudiyyətlər də şərh olunub.

Məzuniyyətin başqa vaxta keçirilməsində qadağan edilən hallar

Məzuniyyətin digər vaxta keçirilməsi şərtləri və qaydaları ƏM-nin 134-cü maddəsi ilə müəyyənləşir. Həmin qaydaları şərh edən məqaləmizlə buradan tanış ola bilərsiniz.

Həmin maddəyə əsasən məzuniyyətin vaxtını  dəyişmək üçün aşağıdakı şərtlər olmalıdır:

  • işəgötürənin, işçinin təşəbbüsü;
  • əsaslandırmaq;
  • qarşılıqlı razılıq.

Yuxarıda qeyd edilən şərtlərdən  hər hansı biri ödənilməzsə, əmək məzuniyyəti başqa vaxta keçirilə bilməz.

Qanunvericiliyə əsasən işçilərin məzuniyyət hüququnun pozulması qadağandır.  Qanunvericiliyin pozulması halları, eləcə də təyin edilən cərimələr  İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir.

Həmin məcəllənin 192.4-cü maddəsinə görə məzuniyyətlərin hesablanmasında hər hansı bir qanun pozuntusu aşkar edilərsə, vəzifəli şəxslərə 700-1300 manat aralığında cərimələr tətbiq olunur. Əgər nöqsan riyazi hesablama səbəbindən baş verərsə, bu istisna hal kimi qəbul oluna bilər.

Həmçinin, işçiyə məzuniyyət verilmədikdə, yaxud istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilmədikdə, işəgötürən məsuliyyətə cəlb olunaraq 1500-2000 manat məbləğində cərimə edilə bilər (IXM, maddə 192.5).

Maliyyə itkilərinə yol verməmək üçün qanunvericilikdə nəzərdə tutulmuş məzuniyyətin verilməməsi üzrə qadağalar, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi, hesablama və ödəmələr diqqətdə saxlanılmalıdır.


Print Friendly, PDF & Email