Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi

posted in: Xəbər | 0
birbank biznes

Qiymətləndirmə – Mühasibat balansında və ya mənfəət və zərər haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsidir.

Qiymətləndirmə üçün aşağıdakı qiymətləndirmə əsasları istifadə oluna bilər:

İlkin dəyər

− Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin     ödənilmiş məbləği  və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Cari dəyər

− Aktivin cari dəyəri əsasında qiymətləndirilməsi hal-hazırda analoji aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin cari dəyəri əsasında qiymətləndirilməsi onların hal-hazırda yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul vəsaitlərinin   və ya onların ekvivalentlərinin nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur .

Mümkün satış dəyəri

− Aktivin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərə tutur;

− Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Diskontlaşdırılmış dəyər

− Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Ədalətli dəyər

− Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış  və  bu  cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil, yaxşı  məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrası zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

Müvafiq Milli Mühasibat Uçotu Standartları maliyyə hesabatlarının ayrı-ayrı elementləri üzrə istifadə oluna biləcək müxtəlif qiymətləndirmə əsaslarını müəyyən edir.

Milli Mühasibat Uçotu Standartları Qarışıq qiymətləndirmə əsasının (Modifikasiya edilmiş ilkin dəyərinin) istifadə edilməsinə maneə yaratmır. Bu halda, müvafiq dövrün maliyyə hesabatlarında təqdim olunmuş ayrı-ayrı obyektlərə müxtəlif qiymətləndirmə əsaslarının tətbiq edilməsi nəzərdə tutulur.

Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi

Print Friendly, PDF & Email