Mərkəzi Bank “Ani ödənişlər sistemi”nin yaradılmasına start verib

posted in: bank, Xəbər | 0
birbank biznes

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə – “Ani ödənişlər sistemi”nin yaradılmasına başlayıb.

“Ani ödənişlər sistemi”nin yaradılması üzrə ilkin araşdırmalar aparılıb və mövcud ödəniş ekosisteminə inteqrasiyası baxımından tələblər müəyyənləşdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və bu hədəflər üzrə AMB əsas icraçı təyin edilib.

Verilmiş tapşırığın icrası məqsədi ilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə “Ani ödənişlər sistemi”nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün “Instant Payment System” və ya “Fast Payment System” adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərir. Belə ki, bir çox ölkələrdə (İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilmiş, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır.

Qeyd olunan Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş hədəflərə nail olunması məqsədi ilə Mərkəzi Bankda müvafiq beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla “Ani ödənişlər sistemi”nin yaradılması üzrə ilkin araşdırmalar aparılmış və mövcud ödəniş ekosisteminə inteqrasiyası baxımından tələblər müəyyənləşdirilib.

Bu məqsədlə 1 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında müəyyənləşdirilmiş tələblərin bankların rəhbər işçiləri tərəfindən geniş müzakirəsi təşkil edilib, onların rəy və təklifləri dinlənilib. Görüşdən sonra bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi qərara alınıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email