Müəssisələrin əmlak vergisi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əmlak vergisiAzərbaycan Respublikasında əmlak vergisi 24 mart 1995-ci ilin yanvar ayından tətbiq edilməyə başlanılıb. 2001-ci ildə Vergi Məcəlləsinin qəbul edilməsi ilə əmlak vergisi ilə bağlı bütün məsələlər  həmin Məcəllənin müvafiq müddəalarına uyğunlaşdırılıb.

Əmlak vergisi dedikdə, müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. Əmlak vergisi üzrə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, Azərbaycanda özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyekti sayılır. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Əmlak vergisi ilə bağlı müəyyən vergi güzəştləri və azadolmalar mövcuddur. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Mərkəzi Bank və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları vergini ödəməkdən azaddırlar. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün istifadə edilən obyektlərin, məhsulötürücü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerjiötürücü xətlərin, meliorasiya və suvarma sistemi obyektlərinin, yol vergisinə cəlb edilən avtonəqliyyat vasitələrinin, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin dəyərində azaldılır.

Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fiziki şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə parkdakı əmlaklarına görə vergi ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru həmin parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə etdikləri  obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi bazar qiyməti nəzərə alınmaqla hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla hesablandığı halda, həmin əmlaka onun orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası tətbiq edilmir.

Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. Bu vergi üzrə illik bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Fiziki şəxslərin mülkiyyətinə olan binaların sahəsi və hüquqi şəxslərin balansında olan əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektidir. Əmlak vergisinin məbləği müəssisənin dövriyyəsindən və maliyyə nəticələrindən asılı olmadığı üçün səmərəli işləyən biznes subyektlərində həmin verginin xərclərdə xüsusi çəkisi aşağı olur.

Əmlak vergisinin tətbiqində ölkədə aparılan iqtisadi islahatların ümumi istiqamətləri öz əksini tapıb. İqtisadçı ekspert Rəşad Əliyevin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin fəaliyyət prosesində istifadə etdikləri əsas vəsaitlərin 2019-cu ilə kimi əmlak vergisinin ödənilməsindən azad edilməsi aqrar sektorun inkişafına xidmət edir. Bununla da  həmin sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi yükü və xərcləri azalır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email