Mühasibat uçotu nədir?

posted in: Uncategorized, Xəbər | 1
birbank biznes

Mühasibat və sahibkarlıq

Mühasibat, demək olar ki, biznesdə baş verən bütün prosesləri izləyir, şirkətin necə fəaliyyət göstərdiyini və haraya istiqamətləndiyini anlamağa imkan verir.

Mühasibat uçotu biznes dilidir və rəqəmlərlə yazılır. Məhz bu “dil”:

  • biznesin mövcud maliyyə sağlamlığını qiymətləndirməyə;
  • fəaliyyət tarixçəsindən nəticə çıxarmağa;
  • gələcək performansı proqnozlaşdırmağa;
  • daha çox əsaslandırılmş qərarlar qəbul etməyə imkan verir.
Sahibkarlar üçün mühasibat uçotu nədir? Sadə dillə desək, bu, məlumat toplamaq üsulu, şirkətin maliyyə vəziyyətini izləmək üçün alətdir.

Mühasibatdan təkcə mülkiyyətçilər deyil, dövlət də istifadə edir. Belə ki, istənilən qurum maliyyə fəaliyyəti ilə bağlı bütün məlumatları dövlət orqanlarına ötürür. Zərurət olduqda, dövlət nəzarət orqanları həmin qurumların fəaliyyətini audit edir.

Əslində, yuxarıda qeyd edilən belə qısa tərifin arxasında sahibkarlıq subyektlərinin mövcud maliyyə vəziyyəti, fəaliyyəti və maliyyə vəziyyətindəki dəyişikliklər haqqında çoxlu məlumat gizlənir. Çünki mühasibat uçotu istisnasız olaraq sahibkarlıq fəaliyyətinin bütün aspektlərinə aiddir, həm də, təkcə sahibkarlıq fəaliyyətinin yox. Uçot və nəzarət sivilizasiyanın əsas amilləri kimi insanın təsərrüfat fəaliyyətini daima müşayət edib.

Mühasibat uçotu nəyə lazımdır?

İstənilən müəssisədə mühasibatın əsas vəzifəsi maliyyə vəsaitlərinin hərəkətini uçota almaq və nəzarət etməkdir. Aşağıdakılar bura aid edilə bilər:

  • gəlir – fəaliyyət nəticəsində əldə edilən hər hansı vəsait;
  • xərclər – bütün xərclər, məsələn:

– ofisin saxlanması üçün ayrılan vəsaitlər;

– istehsal xərcləri;

– mal, iş, xidmətlərin alınması xərcləri;

– vergilər, pensiya və digər sosial fondlara ayırmalar;

– icarə haqları;

 -işçilərin əməkhaqları və s.

İlkin uçot sənədləri ilə sənədləşdirilmiş hər bir əməliyyat müvafiq mühasibat uçotu registrlərinə daxil edilir. Hesabat dövrünün sonunda gəlir və xərclər bir-biri ilə müqayisə olunur. Onların fərqini şərti olaraq fəaliyyət göstəricisi adlandırmaq olar. Təbii ki, gəlirlər xərclərdən nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Mühasibat uçotu vəsaitlərin hərəkətini qeyd etməklə yanaşı, bir sıra digər mühüm funksiyaları da yerinə yetirir. Məsələn:

Uçot təsərrüfat fəaliyyətinin güzgüsüdür, mülkiyyətçilərə və menecerlərə qərar qəbulu zamanı informasiya mənbəyi kimi lazımdır.

Mühasibat uçotu nədir?

Mühasibatlığın mahiyyətini “Mühasibat uçotu nədir?” sualına cavab verməklə anlamaq mümkündür.  AR “Mühasibat uçotu haqqında” qanununa görə:

“Mühasibat uçotu – muhasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.”

İlk baxışda qəliz görünsə də, mühasibatlığın təklif olunan tərifini dolğun saymaq olar. Qəliz görünənləri sadələşdirmək üçün isə muhasibat.az saytı vasitəsi ilə sizinlə birlikdə mühasibatlığa A-dan Z-ə toxunmağa, bəzi məsələləri təfərrüatı ilə öyrənməyə çalışacağıq.

Hər halda, mühasibata qısa, daha asan anlaşılan tərif də vermək mümkündür:

“Mühasibat uçotu yaxşı təşkilatlanmış dürüst peşəkarların effektif ünsiyyət qurduğu biznes dilidir.

“Mühasibat uçotu nədir?” sualına aşağıdakı şəkildən daha əyani cavab tapmaq olar (mənbə: https://amu.edu.az/storage/files/)

Mühasibat istifadəçinin düzgün qərar qəbul etməsi üçün uyğun, etibarlı, müqayisə olunan informasiyanı müəyyən edən, qeyd edən, hesabat şəklində çatdıran bir sistemdir

Mühasibat həm də elmdir

Biz “Mühasibat uçotu nədir?” sualının cavabını praktik tətbiqi baxımından nəzərdən keçirdik. Azərbaycan dilinin izahlı lüğəti mühasibatı hesabdarlıq-uçot işlərinin praktikası ilə yanaşı nəzəriyyəsi kimi anladır, yəni mühasibat eyni zamanda elm sahəsidir.

Baş verən hadisələr barədə məlumat toplamaq elmi fəaliyyətin əsas məqsədidir. Mühasibat elm kimi özünə lazım olan bilikləri müşahidə, araşdırma, təcrübə, eksperiment, həmçinin tədqiqatlar prosesində qazanır. Düzgün toplanmış məlumatlar icmal hesabatlar hazırlamağa imkan verir. Hesabatlar əsasında olayları nəzarətdə saxlamaq, idarə etmək asandır. Məlumat toplanarkən bir çox suala cavab vermək lazımdır: “nə?”, “harada?”, “nə vaxt?”, “nə qədər?”, “durumu necədir?”

Umimiyyətlə, nəyin elm, nəyin elm olmadığını filosoflar daha dəqiq bilirlər. Onlar müəyyən meyarlar işləyib hazırlayıblar. Bu meyarlara cavab verən biliklər toplusuna elm demək olar. Gəlin “Mühasibat uçotu nədir?” cavabını bu meyarlara uyğunluq baxımından nəzərdən keçirək.

Q.F.Hegel (1770-1831) hesab edirdi ki, elm bəzi ümumi qanunauyğunluqları izah etdikdə etdikdə yaranır. O, bu qanunauyğunluqları dialektikanın üç qanununda cəmləmişdi.

Mühasibat bu qanunlara cavab verir:

  • əskiklərin vəhdəti qanunu iqtisadi həyatın faktlarını debet və kreditin əkslikləri kimi təsvir edir;
  • kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu dövriyyənin yeni balansa keçid dinamikasını aşkar edir;
  • inkarın inkarı qanunu isə başlanğıc dövriyyələrin saldosunun yekun dövriyyələrin saldosu ilə dövrü olaraq inkarını müəyyən edir.

Mühasibat elm olaraq obyektin iqtisadi durumu haqqında bilikləri sistemli öyrənmə yolu toplayır. Elmə analoji olaraq, onun:

  • tarixi;
  • formalaşma mərhələləri;
  • konsepsiyaları;
  • prinsipləri;
  • qaydaları;
  • tətbiq sahəsi vardır.

Beləliklə, mühasibat (hesabdarlıq) ikili yazılış və mənfəətin hesablanması prinsipləri haqqında elmdir. Elm kimi onunla universitetlərin kafedralarında və elmi-tədqiqat institutlarında məşğul olunur. Universitetlərdə elmi fəaliyyat və mühasibat uçotunun praktik tətbiq üçün mütəxəsislər hazırlanır. Çoxsaylı müəssisələrdə milyonlarla mühasib iş proseslərinin uçotunu aparmaq, işəgötürənlərinin maliyyə vəziyyətini və maliyyə nəticələrini müəyyən etmək üçün çalışır.

Yekununda “Mühasibat uçotu nədir?” sualının cavabı kimi deyə biləri ki, o, qədim peşə olmaqla yanaşı, həm də inkişafda olan elm sahəsidir.

Print Friendly, PDF & Email