“Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanunun tətbiqi barədə Fərman-Səlahiyyətli qurumlar müəyyən edildi

posted in: Xəbər | 0
birbank biznes

mühasibatMühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 4.3.8-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində təsdiq etsin;

1.6. 2018-ci il dekabrın 30-dək:

1.6.1. həmin Qanunun 14.4-1-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması üçün uçot qaydalarını təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6.2. həmin Qanunun 14-1.2-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.7. həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş müddətləri və ardıcıllığı üç ay müddətində müəyyən edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2018-ci il dekabrın 30-dək təmin etsin;

2.2. Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə həmin standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2019-cu il iyunun 30-dək təmin etsin.

2.3. büdcə təşkilatları və bələdiyyə orqanları tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını 2018-ci il dekabrın 30-dək, kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını isə 2019-cu il noyabrın 30-dək təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, №7, maddə 824; 2017, № 3, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 5.3-cü, 12-1.7-ci maddələrində, 14-1.1-ci (birinci halda) maddəsində və 14-1.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.1.9-cu, 2.1.16-cı maddələrində, 12.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.3-cü maddələrində, 14.6-cı maddəsinin ikinci cümləsində, 14-1.2-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci cümləsində, 18.4-cü və 18.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 1.2-ci, 2.1.22-ci maddələrində, 3.2-ci maddəsinin ikinci cümləsində, 4.2-ci, 4.3-cü maddələrində, 4.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 4.3-2-ci, 4.4-cü, 5.2-ci (büdcə təşkilatlarına münasibətdə), 8.1-1-ci, 9.1.1-ci maddələrində, 10.1.1-ci maddəsinin ikinci cümləsində, 12.2-ci, 12.6-cı (ikinci halda), 12-1.8-ci, 14.1-ci, 14.1-1-ci, 14.4-1-ci və 14-1.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 5.2-ci (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində göstərilən təşkilatlar və büdcə təşkilatları istisna olmaqla, digər mühasibat uçotu subyektlərinə münasibətdə) və 12.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;

2.6. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 14-1.1-ci və 14-1.3-cü maddələrində “qurum” dedikdə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

2.7. həmin Qanunun 5.3-cü maddəsində “qurum” dedikdə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email