Vəkillərin, mühasiblərin və sahibkarların xəstələnmək hüququ

posted in: muhasibat, Xəbər | 0

Tibbi sığorta ödənişləriVəkillərin, mühasiblərin və sahibkarların xəstələnmək hüququ.

Vəkillər xəstələndikləri halda sosial müavinət almaq hüquqlarından demək olar ki, istifadə etmirlər. Sosial təminat sahəsinin spesifik sahə olduğunu nəzərə alaraq, vəkillərin (eləcə də sərbəst mühasiblər, auditorlar, sahibkarlar və öz-özünü sosial sığorta edən digər şəxslər) xəstələndikləri halda əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüquqları barədə məlumat verməyə çalışacağam.
“Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlillik, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa 3 yaşınadək qulluq, ölüm və sanatoriya-kurort müalicəsi zərurəti) baş verdikdə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək sığortaolunanın hüququdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi sosial sığortaya cəlb olunan gəlirləri (qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı Dövlət Statistika Komitəsinin məlumatına əsasən əvvəlki ildə respublika üzrə orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 1 ilin 6 ayında sosial sığorta haqqını müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə sosial sığorta haqqı üzrə borcu olmadıqda, ödədiyi sosial sığorta haqları hesabına verilir.

Müavinəti almaq üçün vəkillər (sərbəst mühasiblər, auditorlar, sahibkarlar və öz-özünü sosial sığorta edən digər şəxslər) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə müraciət etməlidirlər. Göstərilən kateqoriyadan olan şəxslər xəstələndikdə və ya hamiləlik zamanı poliklinikadan aldıqları xəstəlik vərəqlərini (bülleten), uşaqları olduqda isə doğum şəhadətnamələrini müraciətlərinə əlavə etməlidirlər.

Beləliklə, vəkillərin, mühasiblərin, sahibkarların və öz-özünü sosial sığorta edən digər şəxslərin sosial sığorta haqqı ödəmək vəzifəsi ilə yanaşı, əmək müqaviləsi ilə işləyənlər kimi xəstələndikdə, uşağı olduqda və s. hallarda müavinət almaq hüquqları vardır və bu hüquqdan istifadə etmək üçün zəruri sənədlərlə müraciət etmək kifayət edir.

Müəllif: Elnur Əliyev / Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *