Nağdsız ödənişlərin həcmi nəyin hesabına artır?

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız ödənişAzərbaycan Respublikası Mərkəzi Bankının mətbuat xidmətindən bildirilib ki, 2018-ci ilin 7 ayı ərzində Mərkəzi Bankın Hökumət Ödəniş Portalı vasitəsilə toplanılan vergi və gömrük rüsumlarının həcmində ödəniş kartlarının payı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb. Ümumi ölkə üzrə isə 2018-ci ilin ilk yarısında ödəniş kartları ilə aparılan əməliyyatların həcmi ötən il ilə müqayisədə 20% artaraq 8,4 mlrd manata çatıb. Ödəniş kartları ilə ölkədaxili əməliyyatlarda nağdsız ödənişlərin payı 16% təşkil etmişdir ki, bu da keçən  ilin analoji dövrü ilə müqayisədə 44% artım deməkdir.


Nağdsız ödənişlərlə bağlı problemlərin həlli istiqamətində layihələr

Mərkəzi Bankın açıqlamasına görə, «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndən irəli gələn vəzifələrin icrası nəticəsində ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə «MasterCard Worldwide» beynəlxalq kart təşkilatı ilə ötən il ərzində «Nağdsız Azərbaycan» layihəsi həyata keçirilmişdir.

Nəticə olaraq «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»nın layihəsi hazırlanmış və razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilmişdir. Proqram rəqəmsal ödənişlərin inkişafına mane olan institusional amillərin aradan qaldırılmasına, maliyyə vasitəçiliyinin inkişafına, innovativ ödəniş sistemlərinin tətbiqinə, maliyyə inklüzivliyinin gücləndirilməsinə yönəlmiş sistemli və kompleks islahat tədbirlərini əhatə edir.

Həmçinin bax: 2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

Proqram üzrə artıq bir neçə tədbirin icrasına başlanılmışdır. Ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi çərçivəsində fiziki və hüquqi şəxslər arasında əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılmasının təmin olunması məqsədilə «Ani ödənişlər sistemi»nin yaradılmasına start verilmişdir. Yaradılacaq infrastruktur imkanlar çərçivəsində istifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir ödəniş həlləri hesab olunan «QR code» kimi texnologiyaların və digər mobil həllərin tətbiqi mümkün olacaqdır. Nəticədə, iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına əlverişli mühit yaranacaqdır.

İkinci mühüm tədbir ölkənin bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün rəqəmsal identifikasiya sisteminin «Blockchain» platformasında yaradılmasıdır. Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot «Blokchain» platforması üzərindən layihənin reallaşdırılmasına başlamışdır. Eyni zamanda, ölkənin maliyyə sektorunda «Blockchain» texnologiyasının şaxələnməsi məqsədilə Rəqəmsal Transformasiya Planı beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanacaqdır.

Əhalinin nağdsız ödənişlər üzrə məlumatlılığının artırılması və nağdsız ödənişlərdən istifadəyə təşviq edilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki,  qlobal ödəniş texnologiyalarının lideri olan «Mastercard» ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında ödəniş kartlarından istifadənin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaya start verilmişdir.

Həmçinin bax: “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilib

POS-terminalların  quraşdırılması və istifadəsi

Nağdsız ödəniş vasitələrindən biri də POS-terminallardır. Ölkəmizdə qəbul edilmiş müvafiq hüquqi-normativ sənədlərə əsasən, aşağıdakı obyektlərdə POS-terminallar quraşdırılmalıdır:

1) dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

2) dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

3) rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) ;

4) hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) ;

5) vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) .

Vergilər Nazirliyinin İqtisadi Təhlil və ekspertiza departamentinin hesabatına görə, ölkə ərazisində POS terminalların qeydiyyatında ötən ilin yanvar-iyul ayları ilə müqayisədə artım var. 2017-ci ilin yanvar-iyul ayları üzrə 3871 POS-terminal qeydiyyatdan keçdiyi halda, cari ilin eyni dövrü ərzində bu rəqəm 5372 olub.

Mənbə: vergiler.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email