Nağdsız ödənişlərlə bağlı mühüm layihələr həyata keçirilir

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız ödəniş2020-ci ilə qədər nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində bəlli hədəflər mövcuddur

2018-ci ildə nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində üç mühüm layihənin – «Nağdsız Azərbaycan», «Ani ödənişlər» və «3D bank sektorunda blokçeyn texnologiyalarına keçid»in icrasına başlamaq nəzərdə tutulur. Hər üç layihənin icrasında Mərkəzi Bank bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq edir. Vergilər Nazirliyi ilə birgə yaradılmış işçi qrup nəzərdə tutulan tədbirlər planını həyata keçirəcək.

Həmçinin bax: Nağdsız ödəmələrlə bağlı 3 yeni layihə planlaşdırılır

Növbəti mərhələdə Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» qanun layihəsinin icrasına başlanılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib ki, layihə ölkəmizdə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin gücləndirilməsini nəzərdə tutur. Sənəddə innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsinə, elektron ödənişlər sahəsində istehlakçıların hüquqlarının müdafiə mexanizmlərinin möhkəmlənməsinə dair məsələlər də yer alıb. İ.Alışov qeyd edib ki, 2018-ci il ərzində innovativ ödəniş texnologiyalarının və həllərinin tətbiqinin genişləndirilməsi, maliyyə sektorunda çalışan mütəxəssislərin nağdsız ödənişlər sahəsində mövcud potensialının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Hədəflərə çatmaq üçün  yeni Dövlət Proqramı hazırlanıb

Nağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» hesab olunur. Proqram layihəsinin hazırlanmasında iştirak edən Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun direktoru Nazim Müzəffərli bildirib ki, sənədin əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır. Proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Proqramında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğat işlərinin təşkili məqsədilə dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib. Rəqəmsal ödənişlərin inkişaf etdirilməsinə Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və bu sahəyə aid digər iştirakçılar da cəlb olunacaqlar.

Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100% səviyyəsinə çatdırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30%-ə, 2025-ci ilədək 50%-ə, 2025-ci ildən sonra isə 80%-ə çatdırılması nəzərdə tutulub.

Mövcud vəziyyət və gələcəyə baxış

 2013-2017-ci illər ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4,8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4,6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən 4 dəfə artıb. Amma mövcud vəziyyətlə qane olmaq mümkün deyil və nağdsız iqtisadiyyatın qurulması üçün xeyli işlərin görülməsinə ehtiyac var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, nağdsız ödənişlər e-hökumət, e-ticarət və e-bankçılığın inkişafına töhfə verməklə biznes mühitinin yaxşılaşmasına və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. Onun təxminlərinə görə, «dünyanın 100 nağdsız şəhəri» siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə, təxmin edilən ümumi gəlir 1,9 milyard dollar, o cümlədən istehlakçının gəliri 0,1 milyard dollar, biznes gəlirləri 1,4 milyard dollar, hökumətin gəlirləri isə 0,4 milyard dollar arta bilər. Bu proses nəticəsində 15 il ərzində məşğulluq səviyyəsinin 3,5% yüksəlməsi real görünür.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti  Zakir Nuriyev bildirib ki, banklar tərəfindən POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər aparılır və təmassız kartların qəbulu üçün yeni imkanlar yaradılır. Bir neçə bank POS-terminallarla bağlı xüsusi korporativ kartların emissiyasına start verib. Bu, ticarət obyektinin sahibinin öz bankına müraciət etmək ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə aparılmış bütün əməliyyatlar üzrə vəsaiti birbaşa öz kartından əldə etməyə imkan yaradır, ticarət obyektinin işini daha da asanlaşdırır.

«MasterCard» və «VISA» dəstək verir

Azərbaycan hökuməti nağdsız cəmiyyətin formalaşdırılmasında kart bazarının liderlərindən olan «MasterCard» və «VISA» ilə də əməkdaşlığı artırmaq niyyətindədir. Bu istiqamətdə «MasterCard»la birgə icra olunan «Nağdsız Azərbaycan» layihəsi mühüm yer tutur. «MasterCard» şirkətinin Azərbaycan üzrə meneceri Ərdəm Çakar bildirib ki, «Nağdsız Azərbaycan»la yanaşı, «Priceless Special» platformasının genişləndirilməsi nəzərdə tutulur ki, bu da nağdsız cəmiyyətin uğurlu inkişafına səbəb olacaq. Şirkət ölkəmizdə «Apple Pay» və «Samsung Pay» kimi ödəniş platformalarının yaradılması üzrə işlər aparır. Azərbaycanın digər tərəfdaşı – «VISA» şirkəti ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlara dəstəyini artıracağını bəyan edib. «VISA» şirkətinin MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş direktoru Larisa Makarova bildirib ki, Azərbaycanda «Google Pay» və «Apple» sistemlərinin tətbiqi planlaşdırılır. Kommersiya banklarının da cəlb olunduğu bu layihələr çərçivəsində nağdsız ödənişlərin həcminin genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçiriləcək. Plastik kartlardan istifadəni stimullaşdırmaq üçün ticarət məntəqələrində, turizm və xidmət sektorunda güzəştli kampaniyaların, həvəslənirici oyunların keçirilməsi nəzərdə tutulur. Şirkət yaxın gələcəkdə ölkəmizdə «NFC» (Near Field Communication), «Samsung Pay» kimi ödəniş platformalarının yaradılmasında maraqlıdır.

«Cashback» xidməti

Nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edən layihələrdən biri də «Cashback» xidmətidir. Azərbaycanın 10-a yaxın bankı ilə «VISA» və «MasterCard»ın birgə təşkil etdiyi bu xidmət növü bank kartları vasitəsilə nağdsız alış-verişi təmin edir.

Azərbaycanda «Cashback» xidmətinin tətbiqi 2-3 il əvvələ təsadüf etsə də, 2017-ci ildən bu xidmətə qoşulan bankların, eləcə də prosesdə iştirakçı olan partnyor şirkət və mağazaların sayı artmağa başlayıb. Bu xidmətin məğzi bundan ibarətdir ki, bank kartları olan müştərilər nağdsız qaydada alış-veriş etdikləri zaman xərclədikləri pulların bir hissəsi onların kart hesabına geri qaytarılır. Xidmətdən istifadə edən müştərinin «Cashback» məbləği xüsusi hesabda toplanır. Bu, bir növ, nağdsız ödəniş zamanı xərclənmiş vəsaitin məbləğinə uyğun pul bonusunun toplanması deməkdir. Geri qaytarılan vəsaitin həcmi hər bankın özünün müəyyən etdiyi faiz dərəcəsinə uyğun təyin olunur. Həmin məbləğ xərclənmiş vəsaitin təxminən 12-15 faizinə bərabərdir.

Nağdsiz ödənişlərin yeni ünvanı: interçeync

Nağdsız ödəmə alətlərindən biri də interçeync (banklararası qarşılıqlı xidmət haqları) sistemidir. İnterçeync plastik kartlarla aparılan əməliyyatlar zamanı bir bankın digər banka ödədiyi xidmət haqqıdır. Qabaqcıl ölkələrin bank bazarına daxil olan bu sistem müştərilərin mağazalarda nağdsız ödəniş etməsi və ya internet vasitəsilə sifarişləri zamanı kart hesabındakı pulun satıcıya çatdırılmasıdır. İnterçeync POS-terminaldan və internet vasitəsilə ödəniş aparılarkən həmin əməliyyatlarda ödəniş ekvayer bankın müştərisindən, yəni son nəticədə satıcıdan tutulur. Amma interçeync bankomatlarda həyata keçirilərkən ATM-in sahibi olan bank ödənişi plastik kartı buraxan bankdan tutulur. Yəni burada müştəri əlavə vəsait itirir. İnterçeync xidməti isə POS-terminallarla alış-veriş zamanı sərfəlidir və alıcının balansından yalnız aldığı əmtəənin məbləğinin çıxılmasını təmin edir. İnterçeync nağdsız ödənişlərin genişləndirilməsində ən yaxşı alətlərdən biri olduğundan, Banklararası Kart Mərkəzi Azərbaycan Banklar Assosiasiyasının, kart-prosessinq mərkəzlərinin və bank icmasının təkliflərini nəzərə alaraq, ötən ilin noyabr ayının 20-dən interçeync tariflərini azaldıb. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağazaları və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri üzrə 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində müəyyən edilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync 0,1% səviyyəsində müəyyənləşdirilib. Nəticədə son 6 ayda nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərcləri xeyli aşağı düşüb.

«Təmassız ödəniş kartları»

Nağdsız cəmiyyət quruculuğunun əsas elementlərindən biri ictimaiyyətin bu sahədə vərdişlərinin formalaşdırılması, maarifləndirmə tədbirləridir. Bu məqsədlə icra olunan «Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması» layihəsinin əsas hədəfi də əhalinin maarifləndirilməsi, insanların maliyyə savadlılığının artırılması və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin formalaşdırılmasıdır. Layihə çərçivəsində istifadəyə verilmiş «Maliyyə savadlılığı» portalında (www.bizimpullar.az) yerləşdirilmiş «Təmassız ödəniş kartları» haqqında öyrədici animasiyada ödəniş kartlarının üstünlükləri və yaratdığı imkanlar, bu kartlardan təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırıcı və təşviqedici materiallar yerləşdirilib.

Rəqəmsal bank

Bank və ödəniş sistemlərinin inkişafında rəqəmsallaşmanın mühüm yer tutduğunu bildirən «Goldenpay» şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirib ki, müasir mərhələdə bank və ödəniş şirkətlərinin xidmətlərinin elektron inteqrasiyası təmin olunmalıdır. Bunun üçün Azərbaycanda rəqəmsal bank sisteminə keçid prosesi sürətləndirilməlidir. Bankların bir çoxunun rəqəmsal xidmətlər göstərməsi və elektron bankçılığın mövcud olması qeyd olunan hədəflərə çatmağa imkan verir. Bu gün banklarda rəqəmsallaşma xeyli genişlənib, müştərilərə bir sıra rəqəmsal maliyyə xidmətləri təklif edilir. İnternet-bankçılıq, SMS-bankçılıq, cash-in ödəniş terminalları, elektron arayış xidməti, SMS-kredit, 3D secure, həmçinin onlayn kredit və digər bank çeşidləri rəqəmsal bankçılığın formalaşdırılması istiqamətində infrastrukturun mövcudluğuna dəlalət edir. Dövlət və bank icması bu istiqamətdə birgə səylərini ortaya qoymaqla innovativ bankçılığın ən müasir modelini yarada bilər.

Şirkət rəhbərinin fikrincə, Azərbaycanda rəqəmsal bankın yaradılması yaxın 5 ildə reallaşa bilər. Rəqəmsal bank sistemində mobil texnologiyalar əsas yer tutduğundan rabitə operatorları, ödəniş şirkətləri və bankların birgə fəaliyyət platforması yaradılmalıdır. Rəqəmsal bank – innovativ iqtisadiyyatının bir elementi olmaqla, bankların ən son texnologiyalarının köməyi ilə elektronlaşmasıdır. Rərəqəmsal bankın formalaşması üçün onlayn bankçılığın geniş tətbiqi vacibdir, bankların təqdim etdiyi xidmətlərin tamamilə elektronlaşdırılması və bütün əməliyyatların rəqəmsal idarəetmə ilə tənzimlənməsi əsas şərtlərdəndir.

«Rəqəmsal hökumət» və nağdsız iqtisadiyyat

«Nağdsız Azərbaycan» layihəsinin prioritetləri dövlət başçısı tərəfindən təsdiq edilmiş «Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı»nda nəzərdə tutulan strategiyada da əksini tapıb. Sənədin əsas hədəflərindən biri rəqəmsal xidmətlərin tətbiqinin genişləndirilməsi və rəqəmsal ödənişlər infrastrukturunun gücləndirilməsidir. Vergilər Nazirliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də digər qurumların nağdsız ödənişlərin genişləndirilməsinə dair təşviqedici siyasəti «Rəqəmsal hökumət» quruculuğunda perspektivə yönəldilmiş ümumi konsepsiyadır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email