Ödənilməmiş borcların silinməsini nəzərdə tutan qanun layihəsi qəbul edildi

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini nəzərdə tutan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində bildirilib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmışvə 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir,

2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir,

3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Layihəyə əsasən, bu, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email