PİN kodlar haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

PİN kodları yadda saxlamaq üsulları.

Ödəniş kartı üçün bank tərəfindən verilən PİN kod təsadüfi rəqəmlərin kombinasiyasından ibarətdir. Təəssüflər olsun ki, kart sahiblərinə bu təsadüfi rəqəmlər birləşməsini yadda saxlamaq və unutmamaq asan başa gəlmir, onlar adətən həmin kodu ayrıca bir kağıza yazıb, cüzdanlarında bank kartı ilə birlikdə saxlayırlar.

Müasir adamlar isə ödəniş kartlarının kodlarını çox vaxt mobil telefonlarında qeyd edirlər. Hətta bəzi müştərilərin öz PİN kodlarını bankomatın yanında divara yazması halları da müşahidə edilib. Belə əfsanələr də dolaşır ki, kodu tatuaj şəklində öz qoluna yazdıranlar da olub.

Bu üsulları təhlükəsiz hesab etmək olmaz. Ən yaxşısı odur ki, bank tərəfindən verilmiş kodu bankomatda dərhal yaxşı yadda saxlaya biləcəyiniz rəqəmlərlə əvəz edəsiniz.

Ən təhlükəsiz və yadda daha yaxşı saxlanıla bilə PİN kodu necə seçməli?

Asan yadda qalsın deyə, bir çoxları sadə və rahat kombinasiyalı rəqəmləri seçirlər, bəzən həmin rəqəmlər sentimental çalarlar da daşıyır. Adətən yalnız bank kartının sahibinə məlum olan hər hansı bir tarixi gün – həyat yoldaşı və ya uşaqlardan birinin doğulduğu il, evdən işə qədər olan məsafə və s. seçilir. Bu metod daha etibarlıdır, amma bütün hallarda PİN kodlarda şifrənin tez sındırılmasını təmin edən rəqəmlər kombinasiyasından istifadə etmək tövsiyə olunmur.

Bunlara məsələn, kart sahibinin doğum tarixi ilə bağlı rəqəmlər, eləcə də həddən ziyadə sadə kombinasiyalı – 1234, 0000 və ya 1111 kimi rəqəmlər düzülüşündən ibarət şifrələri aid etmək olar. İnanılası çətin gəlsə də 1234 kombinasiyasından 10,7 faiz hallarda istifadə olunduğu üzə çıxıb. Eləcə də çox vaxt 1212, 1010 və 6969 variantlı təkrarlanan rəqəmlər kombinasiyalarından istifadə olunur. Adamlar çox vaxt sadə məntiqə əsaslanan şifrələrdən istifadə edirlər, bu isə o deməkdir ki, 27 faizə qədər PİN kodların şifrəsini geniş yayılmış bir neçə variantdan istifadə etməklə asanlıqla sındırmaq mümkün olur.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *