102-ci hesabda qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Qeyri- maddi aktivlər üzrə uçot

Qeyri-maddi aktivlər (QMA) Hesablar Planının 10-cu maddəsinə  uyğun olaraq uçota alınır. Onlar uzun müddət istifadə olunur, bu müddət ərzində onların dəyəri hər ay istehsal olunan məhsullara, görülmüş işlərə, göstərilən xidmətlərə köçürülür.

38 №-li “Qeyri-maddi aktivlər” MUBS-a (IAS 38)  əsasən amortizasiya – qeyri-maddi aktivin amortizasiya olunan dəyərinin onun faydalı istifadə müddəti ərzində sistematik şəkildə bölüşdürülməsidir. Amortizasiya normaları barədə məlumatı AR Vergi Məcəlləsinin 114-cü maddəsində tapmaq olar.

Qeyri-maddi aktivlərin dəyərinin hazır məhsula tədricən köçürülməsinin, qeyri-maddi aktivlərin dəyişdirilməsi üçün pul fondunun yığılmasının iqtisadi mexanizmi amortizasiya adlanır.

QMA-nın silinməsi onun gəlir gətirməməsi anında baş verir. Silinmə zamanı yaranan maliyyə nəticəsi – silinmədən əldə edilən xalis daxilolmalarla aktivin balans dəyəri arasındakı fərqdir.

Qeyri-maddi aktivlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

102 nömrəli “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan qeyri-maddi aktivlərin yığılmış amortizasiya məbləğlərinin, qiymətdəndüşmə zərərlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar uçota alınır.

“Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı əks aktiv hesabdır. Bu hesaba xərc hesabı kimi deyil, yığım hesabı (yığım fondu) kimi yanaşmalıyıq. Çünki xərc deyəndə geri dönüşü olmayan xaricolmalar nəzərdə tutulur. Yığılmış amortizasiya hesabı isə həmin aktiv balansdan silinən zaman nəzərə alınır, sonda aktivin dəyərini azaldır.

102-ci hesab üzrə açılan subhesablar aşağıdakılardır:

Yuxarıda qeyd edilən Qaydaların 11.13 saylı maddəsinə əsasən Hesablar Planının “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabına aşağıdakı subhesabların açılması mümkündür:

  • “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya” (102-1) ;
  • “Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri” (102-2).

102-1 saylı subhesaba  aşağıdakı subhesablar açmaq olar (qaydaların 11.14. bəndi):

102-2 №-li  subhesaba aşağıdakı subhesablar açmaq olar (qaydaların 11.15. bəndi):

Qeyri-maddi aktivlərin amortizasiyası

QMA ilə bağlı aşağıdakı amortizasiya nümunələrini nəzərdən keçirək.

Nümunə 1:  Haqqı ödənilməklə digər müəssisələrdən alındıqda amortizasiya

“A” MMC “C” MMC-dən daxildə istifadə etmək məqsədilə 1700 manatlıq proqram təminatı almışdır. Proqram təminatı quraşdırılan zaman 200 manat xərc çəkilmişdir. Proqram istismara verilmiş, amortizasiya hesablanmışdır. Proqramın istifadə müddəti məlum olmadığı üçün 10% dərəcə ilə amortizasiya edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1700.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
3 Kapitallaşdırılmış Qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 1900.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 190.00

Nümunə 2:     Satış zamanı amortizasiya

“A” MMC dəyəri 1900 AZN (Nümunə 1) olan proqram təminatını işlətdikdən sonra qalıq dəyərilə “D” MMC-ə satmışdır. Yığılmış amortizasiya məbləği 190 AZN olmuşdur. Proqramın satış qiyməti 1600 AZN təyin edilmişdir. Görürük ki, proqram təminatı qalıq dəyərindən aşağı qiymətə satılıb. (1900-190=1710)

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv satıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 1900.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 190.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 1710.00

Nümunə 3:  Əvəzsiz verilmiş  QMA-nun amortizasiyası

“A” MMC qalıq dəyəri 2500 manat olan proqram təminatını “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Yığılmış amortizasiya məbləği 250 manat olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv müəssisənin balansından çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2500.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 250.00
3 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv zərərə aid edildikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2250.00

Qeyri-maddi aktivlər üzrə qiymətdəndüşmə zərərlərinin uçotu da 102-ci hesabda aparılır. Bu haqda məlumat almaq üçün bizi izləyin!

201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot

Print Friendly, PDF & Email