Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ciddi qanun pozuntusudur

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-qanuni sahibkarlıqİstənilən ölkənin dinamik və keyfiyyətli inkişafı sahibkarlığın səviyyəsindən, biznes mühitinin əlverişliliyindən, özəl sektorun əhatə və fəaliyyət dairəsinin genişləndirilməsindən çox asılıdır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş meydan verilməsi həm də ölkənin maliyyə resurslarının artırılmasını zəruri edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərin ən başlıca amillərindən biri ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir.

Təəssüf ki, bəzi işbazlar ölkədəki əlverişli biznes mühitindən sui-istifadə edərək vergi orqanlarında  uçota durmaqdan yayınırlar. Məqsəd həm də vergidən yayınmaq, əmək bazarındakı tələb-təklifin yüksək olmasından istifadə edərək daha asan yollarla gəlir əldə etməkdir. Bütün bunlar ölkə iqtisadiyyatının ümumi inkişafına, iqtisadi proseslərin tarazlığına mənfi təsir göstərir.

Qanunsuz sahibkarlıq fəaliyyəti özünü  iki formada büruzə verir. Bunlardan birincisi, ümumiyyətlə, vergi və digər nəzarət orqanlarında qeydiyyata alınmadan fəaliyyət göstərənlərdir ki, onlar həm xidmət və məhsullarını, əldə etdikləri gəlirlərini, həm də işçilərinin sayını gizlədir. Digəri isə sahibkarlıq subyekti kimi vergi orqanlarında qeydiyyatdan keçən, lakin fəaliyyətində ciddi qanun pozuntularına yol verən fiziki və hüquqi şəxslərdir. Belə sahibkarlıq subyektləri işçilərin sayının gizlədilməsindən tutmuş fəaliyyət sahəsinə aid edilməyən iş və xidmətlər göstərilməsinədək çeşidli qanun pozuntularına yol verirlər.

Həmçinin bax: Sahibkarlıq sahəsində yoxlamalar (bilinənlər və bilinməyənlər)

Bəs, qanunsuz sahibkarlıq fəaliyyəti əmək bazarına necə təsir göstərir? Vergi orqanlarında qeydiyyata durmadan sahibkarlıqla məşğul olan şəxslər üçün hansı cəza tədbirləri nəzərdə tutulur? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirir ki, qanunsuz sahibkarlıq fəaliyyəti əmək bazarında nizam-intizamın, işçilərin əmək hüquqlarının pozulmasına gətirib çıxaran əsas səbəblərdən biridir. Onun sözlərinə görə, qanunsuz sahibkarlıq və qeyri-rəsmi əmək münasibətləri bir-biri ilə sıx bağlıdır və bu, uzun müddət davam edən problem kimi həmişə aktual olub: «Qanunsuz sahibkarlıq fəaliyyəti tikinti sektorunda, ticarət və xidmət sahələrində, hətta bəzi istehsal sahələrində üstünlük təşkil edir. Bu, vergi öhdəliklərinin yerinə yetirilməsində, eləcə də əmək bazarında kifayət qədər problem yaradır. Xüsusən bir sıra tikinti şirkətlərinin əmək müqaviləsi olmadan işə cəlb etdikləri fəhlələrin və digər kateqoriyalı işçilərin iş yerində baş verən bədbəxt hadisələrdən sığortalanması imkanları məhdudlaşır. Baş verən bədbəxt hadisə gizlədildiyi üçün işçinin qanunvericilikdə nəzərdə tutulmuş sosial hüquqlarının qorunmasını çətinləşdirir».

S.Məmmədovun fikrincə, qanunsuz sahibkarlıq həm də işəgötürənlə işçi arasında baş verən sövdələşmə olduğundan bunun üstünü açmaq, xüsusən istehsalatda çalışan işçilərin sayını müəyyənləşdirmək çətinlik yaradır: «İki şəxs arasında əldə olunan sövdələşmədə bu problemləri ortaya qoymaq, aşkarlamaq üçün imkanlar məhduddur. Ona görə də qanunsuz sahibkarlığa qarşı mübarizə tədbirləri daha da sərtləşdirilməlidir ki, həm vergidən yayınma hallarının qarşısı alınsın, həm də əmək bazarındakı münasibətlər qanunun tələb etdiyi qaydalar çərçivəsində qurulsun».

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Problemin həlli ciddi nəzarət tədbirlərini zəruri edir

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycanda əmək ehtiyatları sürətlə artır və bu, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün daha yaxşı imkanlar açır: «Çünki hər əmək ehtiyatının artması işə tələbi də artırır. Amma  yeni iş yerlərinin yaradılması ilə əlaqədar müəyyən problemlər də ortaya çıxır. Tikintidə əmək məhsuldarlığı və bir işçiyə düşən məhsulun həcmi nə qədərdir? Bunu  ayrı-ayrı ölkələrlə müqayisə etsək görərik ki, həmin göstərici  Azərbaycanda yüksəkdir. Necə ola bilər ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı yüksəkdir,  ölkədə bu qədər yeni iş yerləri yaradılır, amma işçilərin sayı yenə də kifayət qədər deyil. Deməli, bəzi sahibkarlar işçilərin sayını süni şəkildə azaldır. Qeyri-qanuni sahibkarlıq fəaliyyəti hesabına gizli məşğulluq davam edir və bunun nəticəsində çox böyük məbləğdə vəsait vergidən yayındırılır. Ona görə də biz bu problemlərin həllini ciddi nəzarətə götürməliyik, sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının qarşısının alınması üçün təsirli tədbirlər görməliyik».

Yeri gəlmişkən, Vergilər Nazirliyində həyata keçirilən struktur islahatları çərçivəsində uçot-qeydiyyat sistemində də ciddi yeniliklər nəzərdə tutulur. Struktur islahatlarına uyğun olaraq, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək. Bu islahatların əsas məqsədlərindən biri də dövlət qeydiyyatı sahəsində işin keyfiyyətinin artırılması, mütərəqqi yeniliklərin tətbiq olunması, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdirilməsini təmin etməkdir.

Həmçinin bax: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir

Qanunu pozanları ciddi cəza gözləyir

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün cəza tədbirlərinə gəlincə, Sahib Məmmədov bildirir ki, İnzibati Xətalar Məcəlləsi 1 nəfərdən 9 nəfərə qədər müqaviləsiz işçi işlətməyə görə hüquqi şəxslərin 20 mindən 25 min manata qədər, fiziki şəxlərin 3 min manata qədər, vəzifəli şəxslərin isə 5 min manata qədər cərimələnməsini nəzərdə tutur: «10 nəfər və daha artıq şəxsi qanunsuz işlətmək isə Cinayət Məcəlləsi ilə tənzimlənir. Bu zaman 2 il azadlıqdan məhrumetmə, azadlığın məhdudlaşdırılması, islah işlərinə cəlbetmə və 7 mindən 10 min manata qədər cərimə tətbiq olunur. Materiallarda cinayət tərkibi olduqda Baş Prokurorluğa göndərilir».

Qeyd etdiyimiz kimi, qanunsuz sahibkarlıq təkcə hər hansı inzibati məsuliyyət tədbiri və ya maliyyə sanksiya ilə məhdudlaşmır. Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, qanunsuz sahibkarlıq dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda lisenziya almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurulması, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi başa düşülür.  Qanunvericilik bütün halları nəzərə alır və cəza tədbiri vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin miqdarına müvafiq olaraq tətbiq olunur. Vurulmuş ziyanın miqdarı 1000 manatdan 7000 manatadək olduqda, habelə 1000 manatdan 7000 manatadək olan miqdarda gəlir əldə edilməklə törədildikdə, bu əməl Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə tənzimlənir. Həmin əməli törətmiş şəxsə isə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Eyni əməllər külli miqdarda (7000 manatdan artıq olduqda) ziyan vurmaqla, yaxud külli miqdarda (7000 manatdan artıq olduqda) gəlir əldə etməklə törədildikdə, yaxud mütəşəkkil dəstə tərəfindən  törədildikdə həmin şəxsə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Bir daha xatırladırıq ki, vergi uçotuna alınmadan hər hansı sahibkarlıq fəaliyyətinin göstərilməsi bütün dünyada, o cümlədən Azərbaycanda ciddi qanun pozuntusu hesab edilir və qanunvericiliyə müvafiq qaydada cəza tədbirləri ilə müşayiət olunur.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email