Qeyri-rezidentlərə e-imza verilməsi qaydaları təsdiqlənib

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik nümayəndə­lik­ləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə e-imzanın verilməsi qaydasını və «Azexport.az» portalı­nın əsasnaməsini təsdiq edib.

Portalın rəhbəri Zaur Qardaşov bildirmişdir ki, qurumun nəzdində yaradılmış Rəqəmsal Ticarət Qovşağının faydalı və innovativ funksiyalarından biri də qeyri-rezidentlərə e-imzaların verilməsidir: bu ideya Azərbaycana xarici investisiyaların cəlb olunmasına yönəlib. Elektron-imza qeyri-rezidentlərin burada açdıqları müəssisələri uzaqdan idarə etməyə imkan verir.  Qaydalara uyğun olaraq, istənilən əcnəbi Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə bu imzanı fiziki olaraq əldə edə biləcək. Qaydalarda qeyd olunduğu kimi, bütün güc strukturları birlikdə üç gün müddətində müraciət edənin sənədlərini yoxlayaraq öz fikirlərini bildirirlər. Əgər heç bir irad yoxdursa, həmin əcnəbiyə avtomatik olaraq virtual kimlik verilir.

Z.Qardaşov qeyd etmişdir ki, e-imzaların verilməsində əsas məqsədlərdən biri «Azexport» saytı üzərindən sifarişlərin sayının artımı və onların rəsmiləşdirilməsinin asanlaşdırılmasıdır: «Bu gün Azərbaycanda rəsmi qurumlar 450-dən çox e-xidmət təklif edirlər. Bundan əlavə, Vergilər Nazirliyi e-imzanı əldə etmiş əcnəbilərə şirkəti onlayn qeydiyyatdan keçirmək imkanı yaradıb. Təbii ki, şirkəti idarə etmək və hesabatları təqdim etməklə bağlı da bütün imkanlar mövcuddur. Növbəti mərhələ isə rəqəmsal iqtisadiyyatın qurulması üçün bir başlanğıcdır. MDB məkanında və ümumiyyətlə dünyada ticarətdə sərhəd anlayışının aradan qaldırılması imkanı çox az ölkədə yaradılıb. Nəzərə alsaq ki, azərbaycanlılar beynəlxalq transsərhəd ticarətdə iqtisadiyyatın bu növünə meyillidirlər, deməli, növbəti mərhələdə bu portal iqtisadiyyatın böyük bir hissəsini ələ ala biləcək və transsərhəd ticarətini inkişaf etdirəcək».

«Azexport.az» portalı ixracatçıya dəstək funksiyasını yerinə yetirir, onların məhsullarını digər beynəlxalq portallar vasitəsilə dünya bazarlarında tanıdır. Mütəxəssisin sözlərinə görə, indiyədək yarım milyondan artıq insan yeni bazarlarda Azərbaycan məhsullarını görüb, tanıyıb və portala sifarişlərini ünvanlayıb: «İndiki mərhələdə ticarətin əhatə dairəsi genişləndiyi üçün məsuliyyətimiz bir az da artıb. Bu gün ölkəyə investisiyaların cəlb olunması üzərində çalışırıq. Qaydalarda  elektron pul kisəsinin yaradılması nəzərdə tutulur ki, bu da sahibkarlara rahat ödəniş imkanı yaradan yeni bir maliyyə alətidir. Qeyri-rezidentlərlə yanaşı, xaricdə yaşayan  milyonlarla azərbaycanlı da bu imkandan yararlana biləcək».

Z.Qardaşovun sözlərinə görə, bu gün Azərbaycanda dövlət tərəfindən ixraca dəstək və təşviq mexanizmlərinin hamısı mövcuddur: «Azexport» portalı da standart paketdən kənara çıxan yeni bir əlavə dəstək planıdır və öz fəaliyyətində ortaya müsbət nəticələr qoya bilib. İxraca Dəstək Mərkəzi artıq neçə aydır fəaliyyət göstərir. Burada ixracatçı «bir pəncərə» prinsipi ilə bütün ixrac icazələrini, o cümlədən gömrük bəyannaməsini tərtib edib məhsulunu yola sala bilir. Mərkəzin elektron variantı isə Rəqəmsal Ticarət Qovşağıdır. Bu qovşaq vasitəsilə bir ərizə əsasında orta hesabla 10-11 ünvandan icazələr, sertifikatlar, şəhadətnamələr verilir. İxrac prosesi başa çatdıqdan sonra ixrac təşviq məbləğini ixracatçı mərkəz vasitəsilə geri ala bilir».

«Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası»nın və «www.azexport.az» internet portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə ölkə  Prezidentinin fərmanında Azərbaycanda sərbəst satış sertifikatının veriləcəyi göstərilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Zənura Talıbovanın sözlərinə görə, sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycanda istehsal olunan mallara veriləcək: «İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyacaq. Sertifikat ixrac edilən malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir. «Azexport»un fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının keyfiyyətinə əlavə olaraq zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi şəkildə xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılmış sərbəst satış («Free sales») sertifikatları tələb edilir. Sertifikat mahiyyət etibarilə ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsula hazırda ölkə daxilində sərbəst satış üçün bütün icazələrin verildiyini təsdiq edir. Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya analizlərinin və ya testlərin keçirilməsi ilə müşayiət  olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə, sertifikat həmin ölkənin dövlət dilində və ingilis dilində verilir».

MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir.

Ukraynada sertifikatların verilməsini Sənaye və Ticarət Palatası, Rusiyada İxraca Dəstək Mərkəzi həyata keçirir. Türkiyədə sertifikatın verilməsi məhsullara görə fərqlənir, sertifikat əsasən Gömrük və Ticarət Nazirliyinin akkreditə etdiyi konsaltinq şirkətləri tərəfindən təqdim olunur.

Z.Talıbovanın sözlərinə görə, Azərbaycanda sərbəst satış sertifikatının verilməsi «Made in Azerbaijan» brendinin təşviqi və qeyri-neft ixracının artımı üçün əlavə təkan olacaq. Sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edəcək.

 

Mənbə: vergiler.az

Print Friendly, PDF & Email