Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 485
Bakı şəhəri, 12 noyabr 2018-ci il
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə tapşırılsın ki, qida təhlükəsizliyi qeydiyyatına aldığı subyektlərə və yeyinti məhsullarına verdiyi qida təhlükəsizliyi sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi Sisteminin (AQTS) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin nümunələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.

Azərbaycan Respublikasının
Baş naziri             Novruz Məmmədov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 12 noyabr
tarixli 485 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan
qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması
zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi
QAYDASI
1. Ümumi müddəa

 

1.1. Bu Qayda “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və “bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.

2. Qida təhlükəsizliyi sahəsində məlumat mübadiləsinin forması və qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinin şərtləri

2.1. Agentlik və Komitə qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və qida məhsullarının idxal-ixrac mərhələsində gömrük sərhəd buraxılış məntəqələrində keçidinin sürətləndirilməsi məqsədi ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra – subyektlər), o cümlədən Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış və reyestrə daxil edilmiş subyektlər, habelə qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlər, həmçinin qida məhsullarının gömrük ərazisinə daxil olması və çıxması barədə məlumatların mübadiləsini həyata keçirirlər.

2.2. Komitə qida məhsullarının idxalatçıları, o cümlədən Agentlik tərəfindən qeydiyyata alınan subyektlərin idxal etdikləri qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən faktiki keçirildiyi vaxt, yaxud həmin malların buraxılışının dayandırılmasının səbəbləri (qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması, qida məhsulları, qida məhsullarının istehsalçıları və malların göndərildiyi ölkələrdə qida təhlükəsizliyi sahəsində mövcud olan təhlükəli hallar, habelə digər potensial təhlükələr barədə məlumat daxil olması) və malların təyinat yerlərinə (gömrük orqanlarına) çatdırılması haqqında məlumatları real vaxt rejimində Agentliyə ötürür.

2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatların mübadiləsi Agentlik və Komitə arasında elektron formada həyata keçirilir

2.4. Tərəflər arasında məlumatların elektron qaydada mübadiləsi mümkün olmadıqda, kağız daşıyıcılarda və ya şifahi məlumatlar da qəbul oluna bilər. Bu məlumatlar 24 saatdan gec olmayaraq, elektron poçt və ya sifarişli poçt göndərişi vasitəsilə yazılı şəkildə təsdiq edilməlidir.

2.5. Dövlət reyestrində qeydə alınmış və ya reyestrdə olmayan subyektlərin ünvanına idxal olunan qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə gömrük orqanları tərəfindən aşağıdakı hallarda icazə verilir:

2.5.1. qida məhsullarının daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olduqda;

2.5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər və ya qarşılıqlı saziş olmayan ölkələrdən gətirilən qida məhsullarının təhlükəsizliyini təsdiq edən və beynəlxalq sazişlər və ya təşkilatlar tərəfindən müəyyən olunmuş nümunəvi formaya əsasən tərtib edilmiş sertifikatlar təqdim edildikdə.

2.6. Gömrük orqanları dövlət reyestrində qeydə alınmış subyektlərin və barəsində reyestrdə məlumat olmayan şəxslərin idxal etdikləri malların gömrük rəsmiləşdirilməsini başa çatdıraraq, bu barədə Agentliyin gömrük orqanlarında fəaliyyət göstərən nümayəndəsinə elektron məlumat mübadiləsi sistemi vasitəsilə dərhal bildiriş ötürürlər.

2.7. Bildirişin alınması Agentik tərəfindən elektron məlumat mübadiləsi sistemində dərhal təsdiq olunur.

2.8. Dövlət reyestrində qeydə alınmayan şəxslərin ünvanına gətirilmiş qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı Agentiyin mütəxəssislərinə qida təhlükəsizliyi baxımından nəzarət tədbirlərinin (ekspertiza məqsədi ilə prob və nümunələrin götürülməsi, sənədlərin yoxlanılması) aparılması üçün gömrük orqanları tərəfindən şərait yaradılmalıdır.

2.9. Qida məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının mövcudluğunun gömrük orqanları tərəfindən real vaxt rejimində yoxlanılması məqsədi ilə Agentlik qida təhlükəsizliyi sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi Sisteminə (AQTS) giriş imkanlarının yaradılmasını təmin edir.

2.10. Gömrük orqanları gömrük sərhəd buraxılış məntəqələrində diri heyvanların ölkəyə idxal olunması ilə bağlı məlumatları qeydə aldığı hallarda dərhal bu barədə elektron məlumat mübadiləsi sistemi vasitəsilə Agentliyin məlumatlandırılmasını təmin edir və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması məqsədi ilə diri heyvanların Agentlik tərəfindən müəyyən olunmuş yerlərə daşınmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq sertifikatı yoxlanıldıqdan sonra icazə verir.

2.11. Ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar Komitəyə təqdim edilmədiyi hallarda dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən həmin ölkələrə məxsus baytarlıq nəzarətində olan malların (diri heyvanlar istisna olmaqla) Azərbaycan Respublikası ərazindən tranzit keçirilməsi ilə bağlı müraciətlər qeydə alındıqda, həmin malların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində qoyulmuş gömrük təminatı vasitələrinin toxunulmazlığı və bütövlüyü təsdiq olunduqda, onlara dair ixracatçı ölkələr tərəfindən verilən baytarlıq sertifikatları əsasında tranzit keçirilməsinə gömrük orqanları tərəfindən icazə verilir.

2.12. Agentlik istehlakçıların qida məhsulları sahəsində təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı məlumatları elektron məlumat mübadiləsi sistemi vasitəsilə Komitəyə ötürür:

2.12.1. qida məhsulları üzrə risklərin təhlili və qiymətləndirilməsi nəticəsində Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə;

2.12.2. genetik modifikasiya olunmuş qida məhsullarının dövriyyəsi sahəsində qadağa və məhdudiyyətlərə dair tələblərin icrası məqsədi ilə Agentlik tərəfindən keçirilən monitorinqlərin nəticələri barədə;

2.12.3. ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə;

 2.12.4. idxal olunan diri heyvanların sağlamlığının müəyyənləşdirilməsi ilə bağlı onların təcrid olunmuş halda saxlanılması üçün müəyyən edilmiş yerlər barədə.

2.13. Komitə bu Qaydanın 2.12.2-ci yarımbəndinə uyğun olaraq ona verilən məlumatlar əsasında ölkəyə idxal olunan qida məhsullarının genetik modifikasiyaya məruz qalıb-qalmadığının Agentlik tərəfindən müəyyənləşdirilməsi üçün tədbirlər görür.

2.14. Qanunvericiliyə əsasən tanınmış sertifikata malik və ya istehsalçısı Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış idxal olunan qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə keçirilməsi Komitə tərəfindən təmin edilir.

2.15. Agentlik və Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə ölkəyə idxal olunmuş qida məhsullarının dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, qida məhsullarına, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, qida məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslərin maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.

2.16. Agentlik Komitə ilə birlikdə qanunvericiliklə Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə Vahid Siyahısının hazırlanmasını və mütəmadi olaraq yenilənməsini təmin edir.

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email