QSC-ni MMC-yə necə çevirmək olar?

posted in: Xəbər | 0

QSC

Sual: Qapalı Səhmdar cəmiyyətini Məhdud Məsuliyyətli Cəmiyyətə necə çevirmək olar?

Cavab: Səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir

Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Eyni zamanda bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizəyə çevrilmə barədə qərar, təhvil aktı, hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qəzetdə dərc edilmiş elan, yeni təsdiq edilmiş nizamnamə (hüquqi varislik barədə məlumat göstərilməklə), yeni rəhbər təyin edilmə barədə sənədlər və eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması barədə müvafiq sənəd də əlavə olunur.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *